Son turun təqvimi dəyişdiriləcək
16.05.2022 - 10:09
Son turun təqvimi dəyişdiriləcək

Azərbaycan Premyer Liqasında sonuncu – XXVIII turun cədvəli dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb mükafatlandırma mərasiminin təşkilidir.

Bu üzdən də təşkilatçılar bir neçə variantı nəzərdən keçirməyə başlayıb. Çempionla vitse-çempion son turda bir-biri ilə üz-üzə gəlir. Söhbət “Qarabağ”la “Neftçi”nin “Azersun Arena”dakı duelindən gedir.

Çempionatın bütün mükafatçılarının həmin görüşdən sonra təltif edilməsi üçün 3-cü yerin sahibi və Premyer Liqanın bombardiri də “Azersun Arena”da olmalıdır. Bürünc medala “Zirə” və “Qəbələ” iddia edir. Bakılılar son turda “Şamaxı”nı, “qırmızı-qaralar” isə “Sabah”ı qəbul edəcək. Bombardir adına ən real 6 namizəddən 4-ü “Azersun Arena”dakı görüşdə meydana çıxa bilərsə, digərləri Zirə və Qəbələdə oynayacaq.

Bu səbəbdən də bürünc mükafatçı və bombardirin “Qarabağ” – “Neftçi” görüşündə iştirakı təmin olunmalıdır. Mükafatlandırma iki dəfəyə keçirilməməsi üçün bu qarşılaşma ilə digərləri fərqli günlərə salınmalıdır.

XXVIII turun bütün matçları mayın 21-nə nəzərdə tutulub. “Zirə” – “Şamaxı” və “Qəbələ” – “Sabah” oyunlarının “Azersun Arena”dakı qarşılaşmadan bir gün əvvəl oynaması vacibdir. 

Bunun üçün iki variant mümkündür. Ya Zirə və Qəbələdəki görüşlər ayın 20-nə keçiriləcək, ya da “Qarabağ” – “Neftçi” matçı 22-nə dəyişdiriləcək. Turun dördüncü qarşılaşması olan “Sumqayıt” – “Səbail” oyunu autsayderlərin dueli olduğundan hansı gündə keçirilməsi önəm daşımır.