“Yuventus” İtaliya Superkubokunun “İnter”lə oyunu öncəsi ciddi itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, “qoca sinyora”nın 3 oyunçusu həlledici görüşü buraxacaq.
Müdafiəçilər Mattiys de Liqt və Xuan Kuadrado cəza, yarımmüdafiəçi Federiko Kyeza isə zədə ucbatından “neradzurra” önünə çıxmayacaq. İlk iki oyunçu A seriyasının “Roma”ya qarşı dünən keçirilən XXI tur matçında (4:3) müvafiq olaraq qırmızı və sarı vərəqə alaraq cəzalı duruma düşüb. Həmin görüşdə dizindən xəsarət alan Kyeza isə çarpaz bağları qopduğu üçün mövsümü başa vurub.
Bundan başqa, hələ də sıraya dönməyən Danilo, Leonardo Bonuççi və Aleks Sandronun iştirakı sual altındadır.
Qeyd edək ki, yanvarın 12-də “San Siro”da keçiriləcək “İnter” – “Yuventus” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.