“Gələcəyimlə bağlı məsələ hələ açıq olaraq qalır. Hələlik heç bir planım yoxdur”.
Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin hücumçusu Tiaqo Bezerra deyib.
Braziliyalı forvard “Neftçi” rəhbərliyindən yeni müqavilə ilə bağlı hələlik heç bir təklif almadığını söyləyib: “Neftçi” ilə müqaviləmin sonuna ay yarım vaxt qalıb. Sözləşməm başa çatır. İndiyə qədər yeni müqavilə ilə bağlı danışıq olmayıb. Hər şey meydançadakı çıxışdan asılıdır. Yaxşı performans göstərən oyunçunu hər komanda istəyər. Açığı, indi bu barədə düşünmək də istəmirəm. Həm özüm, həm də komandam üçün mövsümü uğurlu nəticə ilə bitirmək barədə fikirləşirəm”.
35 yaşlı “sambaçı” karyerasını bitirmək ehtimalını da istisna etməyib: “Düzdür, karyeramı davam etdirmək istəyirəm. Amma futbol da məni istəməlidir. Futbol mənə nə zaman desə ki, yetər, karyeramı bitirməyə hazıram. Artıq 35 yaşım var, yavaş-yavaş karyeramın sonlarına gəlirəm. Düzü, fiziki və psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Qəbul edirəm ki, performansım da indikindən daha yaxşı olmalıdır”.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 10 qola imza atan Tiaqo Bezerra “Neftçi”nin ən məhsuldar oyunçusudur.