Ukraynadakı müharibəyə görə 3 futbolçu Azərbaycana köçə bilər – YALNIZ BİZDƏ
01.03.2022 - 12:09
Ukraynadakı müharibəyə görə 3 futbolçu Azərbaycana köçə bilər – YALNIZ BİZDƏ

Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumu üç futbolçunun Azərbaycana köçməsinə səbəb ola bilər.

Apasport.az saytının əldə etdiyi məlumatına görə, onlardan biri millimizin yarımmüdafiəçisi Anatoli Nuriyev, digəri sabiq müdafiəçisi Pavel Paşayevdir.

Ötən ilin yayında “Minay”dan “Kolos”a keçən Nuriyev “Qarabağ” və “Neftçi”nin maraq dairəsindədir. 26 yaşlı pleymeykerin ağdamlılarla anlaşma ehtimalı daha yüksək qiymətləndirilir. Lakin Anatolinin ölkəmizə köçməsi üçün ilk növbədə ona azad agent statusu verilməlidir.

Aşağı liqa təmsilçisi “VPK-Aqro”dan yenicə ayrılan Paşayev sabiq komandası “Qəbələ” ilə əlaqə saxlayaraq, qayıtmaq istəyini çatdırıb.

O ki qaldı üçüncü futbolçuya, bu, Xarkov “Metallist”i ilə müqavilə imzalamaq üçün Ukraynaya gedən, lakin müharibə şəraitinə düşdüyü üçün sığınacaqda qalan türkiyəli Abdullah Doğandır. “Verder”in yetirməsi olan və karyerası ərzində yalnız Almaniyanın aşağı liqalarında çıxış edən 25 yaşlı yarımmüdafiəçinin “Neftçi”yə keçmək variantı yaranıb. Ancaq son çempion Türkiyənin aşağı yaş qrupu üzrə yığmalarının sabiq oyunçusunu öncə baxışdan keçirmək fikrindədir.

0