“Kəpəz”in məşqçisi Vidadi Rzayevin, ötənlərin tanınmış futbolçusu Vidadi Rzayevin apasport.az saytına müsahibəsi
“Əvvəlcədən çempionluğu “Qarabağ”a versinlər”
- Azərbaycan futbolu üçün 2021-ci ili bitmiş saymaq olar. İli necə dəyərləndirərdiniz?
- Azərbaycan futbolu üçün il qənaətbəxş keçmədi. Nə milli, nə də klub səviyyəsində uğurlu olduq. Həmişəki kimi, yalnız “Qarabağ” irəlilədi. Bir sözlə, futbolumuz üçün il uğurlu olmadı.
- “Neftçi” “Qarabağ”ın ardıcıl 7 illik çempionluq seriyasına son qoydu. Bunu gözləyirdiniz?
- Şəxsən düşünürəm ki, “Neftçi”nin çempionluğu təsadüf idi. Yəni “Qarabağ” təsadüf nəticəsində qızıl medalları əldən verdi. “Neftçi”nin cari mövsümdəki nəticələri də buna sübutdur. Komanda qənaətbəxş çıxış etmir. 8 komandalı çempionatda elə əvvəlcədən çempionluğu “Qarabağ”a versinlər, digər yerləri komandalar öz aralarında bölüşdürsünlər. Bir güllə bahar olmaz. “Qarabağ” həmin səhvi bir daha təkrarlamaz.
“Bizdə idman prinsipləri yox kimi şeydir”
- Millimiz DÇ-2022-nin seçmə mərhələsini 1 xalla qrup sonuncusu kimi tamamladı və baş məşqçi Canni de Byazi postunda saxlanıldı. Yığma üçün il necə keçdi?
- Açığı, millidən heç nə gözləmirdim. Yığma üçün yeni istedadlı futbolçu çıxdımı? Yerli futbolçu sarıdan qıtlığın qarşısını almaq üçün nəsə eləmək lazımdır. Bölgə komandalarını Premyer Liqaya buraxmalı, onlar yerli futbolçulara üstünlük verməlidirlər. Tovuz, Zaqatala, Mingəçevir, Gəncə, Lənkəran kimi yerlərdə özümüzünkülər oynasınlar. Onsuz da, idman prinsipinə zidd olaraq çempionatı heç kim tərk etmir. Neçə ildir birinci diviziondan da elitaya heç kim yüksəlmir. Bizdə idman prinsipləri yox kimi şeydir. Legioner limitini isə bir az da azaltmaq olar.
- Ancaq klublar, əksinə, legioner limitinin ləğvini tələb edirlər...
- Bəli, deyirlər ki, limiti ləğv edin. Ancaq mən bunun tərəfdarı deyiləm. Limiti ləğv eləsələr, milliyə birinci diviziondan oyunçu axtaracaqlar. Çünki bütün klublar əcnəbiləri yığacaq, elə baş məşqçiləri də xaricdən gətirəcəklər.
“Millimiz başdan-ayağa əcnəbi futbolçulardan qurulsun”
- Həqiqətən də, yerli futbolçular sırf limitə görə oynayırlar? Yəni limit ləğv olunsa, yerlilərdən heç kim Premyer Liqa klublarında əsas heyətə düşəcək səviyyədə deyil?
- Kim oynadacaq yerli futbolçunu? Hətta 21 yaşadək oyunçulara qoyulan limitin də ləğvini tələb edirlər. Bunu da eləsələr, U-21 yığmamızda kim oynayacaq? Onsuz da, futbolçu tapılmır. Belə bir qərar versələr, olan-qalan da məhv olub gedəcək. Onları başa düşmürəm. Yerli uşaqlar oynamalıdır axı. Klubların hamısı əcnəbiləri yığacaqsa, elə millimiz də başdan-ayağa əcnəbi futbolçulardan qurulsun.
- 5 ballıq şkala ilə 2021-ci ildə Azərbaycan futboluna hansı qiyməti verərdiz?
- Millimiz seçmə mərhələdə 1 xal qazanıbsa, futbolumuz da 5 ballıq şkala ilə 1-ə layiqdir. Yığma komanda ölkə futbolunun aynasıdır. Ondan o tərəfi yoxdur. Hətta milliyə 1 baldan da aşağı qiymət düşür. Qrupda 1 xal toplamaq danışılası dərd deyil.
“Nə deyilir, hamı əlini qaldırır”
- Millinin bu uğursuz çıxışı nədən qaynaqlanır: baş məşqçidən, futbolçulardan, yoxsa idarəçilərdən?
- Baş məşqçidən qaynaqlanmır. Heç bir məşqçi sonuncu yeri tutmağı, 1 xal toplamağı istəməz. İstənilən mütəxəssisi baş məşqçi təyin edirsənsə, ona vaxt verməlisən. Yeniyetmə və gənc futbolçulara nəzər yetirin. U-21 də daxil olmaqla aşağı yaş qrupu üzrə yığmalarımız pis gündədir. U-21-dən sonrakı dayanacaq əsas milli olmalıdır. U-21 də uduza-uduza gedir, əsas yığma da. Nəsə başqa şey fikirləşmək, dəyişiklik eləmək lazımdır.
- Bəlkə strategiya düzgün deyil?
- AFFA-da oturanlar ağıllı, savadlı adamlardır. Fikirləşməlidirlər, futbol adamlarını, veteranları bir araya toplamalıdırlar. Heç nə yağ-bal içində getmir. Nə deyilir, hamı əlini qaldırır. Bir-birilərini tənqid eləməlidirlər ki, nöqsanlarını görə bilsinlər. Hansından soruşursan, deyir ki, futbolumuz idealdır. Həyatda ideal heç nə yoxdur. Futbolu inkişaf etdirmək üçün fikir mübadilələri aparmalıdırlar.
“Futbolumuz elə ona görə bu gündədir”
- Ancaq etiraf edin ki, indi Azərbaycan futbolu ilə bağlı tənqidi fikir bildirənlər də bəzən sonradan sözlərini danırlar...
- Bu düzgün deyil. Tənqidə müsbət yanaşmaq lazımdır. Kimsə tənqid edirsə, deməli, nəsə bilir. Bəlkə elə təklif edəcək ki, orada oturanların heç ağlına gəlmir. Ona da qulaq asmaq lazımdır. “Mən deyən olmalıdır”, - fikri düzgün yanaşma deyil. Azərbaycan futbolunda hamı bir-birinə düşməndir. Futbolumuz elə ona görə bu gündədir. Çünki hamı deyir ki, mənim olsun. İçi mən qarışıq günah hamıdadır. Bilmirəm, bəlkə kimsə nəsə umur. Nəsə ummaq yox, futbolun inkişafını düşünmək, buna doğru da addım atmaq lazımdır. Bizdə potensiallı uşaqlar var. Həmişə özümə sual verirəm ki, bu uşaqlar niyə 21 yaşı keçəndə yoxa çıxırlar? Bəlkə savadım azdır, ona görə cavabını bilmirəm. Xaricdə futbolçu 21 yaşdan sonra əsas millidə “dağıdır”, bizimkilər gözdən itir. Uzaq başı Premyer Liqa klublarında 2-3 il “fırlanıb”, yoxa çıxırlar. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” üçün dövlətimiz pul ayırdı. O pulu səmərəli istifadə eləmək lazım idi, amma dağıldı getdi. Soruşan lazım idi ki, bu illərdə nə etdiniz, uşaq futbolunda hansı işi gördünüz? Hərəsi bir tərəfdə akademiya açdı. Hansısa klubun əcnəbi futbolçulara nə qədər borcu var idi, həmin pulu onu ödədilər. O pullar bu ölkədən çıxır axı. Bunu nəzarətə götürmək lazımdır. Məşədi İbad demiş, gəlini gətirəndə baxmadınız ki, kişidir, yoxsa qadın? Klublarımız da futbolçu gətirəndə onun hansı səviyyədə olduğuna baxmadılar. Gətirdiyin 10 əcnəbidən 1-i zəif çıxsın. Daha 5-6-sı yararsız olmamalıdır.
“Neftçi”, “Keşlə” və “Sumqayıt”ın çıxışı bərbad oldu”
- Klublarımızın cari mövsüm avrokuboklardakı çıxışını necə qiymətləndirərdiniz?
- “Qarabağ”ı çıxmaq şərti ilə “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın çıxışı bərbad oldu. “Qarabağ” isə Konfrans Liqasında qrupdan çıxdı, pley-offda “Marsel”lə qarşılaşacaq. Ümid edirəm ki, Fransa klubunu da keçər, sona qədər irəliləyib kuboku da qazanar. Uğurlu çıxış edən təkcə “Qarabağ” var. Amma bir sillə ilə üz qızarmaz. Tək “Qarabağ”la Azərbaycan futbolu düzəlmir. Əlimizdə bayraq tutub, hamımız düşmüşük “Qarabağ”ın üstünə. Bu komandanın özünə də rəqabət lazımdır. “Qarabağ” avrokubok matçından sonra heyətində rotasiya edir, ehtiyat oyunçularla çempionatdakı rəqiblərinə 4-5 qol vurur. Görün çempionatımız nə durumdadır. Arada böyük uçurum var.
- Premyer Liqanın ilk yarısını “Qarabağ” birinci, son çempion “Neftçi” üçüncü pillədə tamamladı. Geridə qalan 14 turda hansı komanda sizi təəccübləndirdi?
- Heç bir komanda məni təəccübləndirmədi. Yalnız “Neftçi”nin çıxışı sürpriz oldu. Təkcə bu komanda zəif çıxış edir, qeyri-stabil qrafiklə gedir. Halbuki “Neftçi”nin bu mövsüm də “Qarabağ”a layiqli müqavimət göstərəcəyini düşünürdüm. Ancaq belə olmadı. Sürpriz komanda kimi “Qəbələ”ni sayardım. Elmar Baxşıyev yaxşı komanda formalaşdırıb. Onlar da çempionat üçün yaxşıdırlar. Avrokuboklara vəsiqə qazandıqdan sonra orada necə oynayacaq, bunu zaman göstərər.
- “Qarabağ” illərdir avrokuboklarda uğurlu çıxış edir. Belə çıxmır ki, digər klublar qitəmiqyaslı turnirdə iştirak xatirinə iştirak edir?
- Oynamaq xatirinə getmirlər, qalib gəlmək istəyirlər. Heç kim məğlubiyyət barədə düşünməz. Amma görünür nəsə çatmır. Bunu da klub rəhbərləri, məşqçilər özləri bilirlər.
- “Qarabağ”ı indidən çempion saymaq olar?
- Bu gedişlə bəli. Düzdür, hadisələri çox qabaqlayıram. Çünki hələ iki dövrəlik mübarizə var. Amma bu dəqiqə Azərbaycanda “Qarabağ”a rəqib olacaq, başabaş mübarizə aparacaq komanda yoxdur.
“Azərbaycan futbolunda heç nə düzəlməyəcək”
- Son illər “Kəpəz”in Premyer Liqaya buraxılması gözlənilsə də, komanda yekunda I divizionda qalır. Bu tilsimi növbəti mövsüm qırmaq mümkün olacaq?
- Biz də buna ümid edirik. Söhbət təkcə bizdən getmir. Bir çox rayonlarımız var ki, Premyer Liqada təmsil oluna bilər. Tovuzda akademiya istifadəyə verildi, Gəncədə tikintisi davam edir. Akademiya əksər klublarda var. Amma baxırsan ki, yenə də futbolçu üzə çıxmır. Hamısını da qatdılar bir-birinə. Futbolumuza hökumət tərəfindən maliyyə ayrılanda uşaq futbolunun başına almaniyalı gətirdilər. Ardınca futbolumuza gah italyan, gah ispan gəldi. Hətta Niderlanddan da mütəxəssis gəlmişdi. O qədər fərqli ölkə nümayəndəsi gətirdilər ki, axırda futbolumuzu mannı kaşa elədilər. Uşaq da bilmədi hansı sistemdə futbol öyrənsin. Azərbaycan futbolunun öz üslubu var, onu təkmilləşdirmək lazımdır. Həmin üslubdan tamam uzaqlaşmışıq, indi bilmirik nə oynayaq. Yəni çox qarışıqlıq yaratdılar. Ona görə də, bir yolu tutub, sona qədər də onunla getmək lazımdır.
- Bu qarışıqlıq yuxarı yaş qruplarında da mövcuddur. Məsələn, U-21-i serbiyalı, əsas yığmanı italiyalı məşqçi çalışdırır...
- Serbiyalı yox, lap Mourinyonu, Qvardiolanı, Kloppu da gətirsən, Azərbaycan futbolunda heç nə düzəlməyəcək. Bir yerdə oturub, papaqlarını qabaqlarına qoyub fikirləşməlidirlər. Kənar şəxslərlə yox, futbol adamları ilə məsləhətləşsinlər. Hamı deyir ki, futbolu bilirəm. Balaca uşaq da penaltini, künc zərbəsini, qolu, autu bilir. Futbolun dərinliklərini bilmək başqadır. Biz də tərli formadan çıxmışıq, bu işin içində böyümüşük.
“Bir nömrəli xəyanətkarlar sözün düzünü deməyənlərdir”
- Veteran futbolçu Yunis Hüseynov saytımıza açıqlamasında deyib ki, Azərbaycanda futbol yoxdur. Bu fikirlə razısınız?
- Onunla 2 əlli yox, 10 əlli razıyam. Yalandan tərifləyim ki, “dağıdırıq”? Ona görə deyirəm ki, tənqidlər olmalıdır. Tənqidsiz inkişaf mümkün deyil. Futbolumuzun təriflənəsi bir yeri də yoxdur axı. Bunu demək lazımdır. Futbolun bir nömrəli xəyanətkarları elə sözün düzünü deməyənlərdir. Bütün futbol ictimaiyyəti, veteranlar, jurnalistlər yaxşı bilirlər ki, futbolumuz doğru yolda deyil. Sözün düzünü deməkdən kim niyə qorxur, bilmirəm. Bir canımız var, Allah verib, o da alacaq. Düzgün danışmaq qəbahətdir?
- Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır və durumun yaxşılığa doğru dəyişməsindən ötrü nə qədər gözləməliyik?
- Xaricdə velosipeddən təyyarə kimi istifadə edib uçurlar, biz isə yerdə “samokat” sürürük. Biz ora çatanda onlar kosmosa qalxacaqlar. Yəni xaricdə də dayanmırlar, inkişaf edirlər. 15 yaşdan 21 yaşa qədər olan futbolçuların səviyyəsinə baxanda demək olar ki, hələ azı 7 il “kef edə bilərik”. Hazırda 15 yaşa qədər olan yeniyetmələr yaxşı olsalar, bəlkə ondan sonra müsbətə doğru nəsə dəyişiklik oldu. Futbolun inkişafı üçün klublarla əlaqə möhkəmlənməlidir, birinci divizionun strukturu başdan-ayağa dəyişməlidir. İdman prinsipini pozmasınlar, divizionda ilk iki yeri tutanları Premyer Liqaya buraxsınlar. Əvəzedicilərlə birinci divizion komandalarını bir-birinə qatmaq olmaz. Bunun hamısını AFFA eləməli deyil. Sponsorlar da cəlb olunmalıdır. Əvəzedicilər gedib öz çempionatlarında oynasınlar. Hansısa əvəzedici komandanın divizionda çempion olmasının ona nə xeyri var? Bunun hamısı yerində saymaqdır. Bu çempionatda heç bir stimul yoxdur. Yalandan oynamaq yalnız baş qatmaqdır.
Ruslan Sadıqov