“Mourinyonu, Qvardiolanı, Kloppu da gətirsən, Azərbaycan futbolunda heç nə düzəlməyəcək. Papaqlarını qabaqlarına qoyub fikirləşməlidirlər”.
Bunu apasport.az saytına açıqlamasında bunu birinci divizion təmsilçisi “Kəpəz”in məşqçisi Vidadi Rzayev deyib.
54 yaşlı mütəxəssis uşaq futboluna əcnəbi mütəxəssislərin cəlb olunmasını doğru hesab etmir. Onun fikrincə, məhz bu amil futbolçu üzə çıxmasının qarşısını alır: “Futbolumuza hökumət tərəfindən maliyyə ayrılanda uşaq futbolunun başına almaniyalı gətirdilər. Ardınca futbolumuza gah italyan, gah ispan gəldi. Hətta Niderlanddan da mütəxəssis gəlmişdi. O qədər fərqli ölkə nümayəndəsi gətirdilər ki, axırda futbolumuzu mannı kaşa elədilər. Uşaq da bilmədi hansı sistemdə futbol öyrənsin. Azərbaycan futbolunun öz üslubu var, onu təkmilləşdirmək lazımdır. Həmin üslubdan tamam uzaqlaşmışıq, indi bilmirik nə oynayaq”.
Vidadi Rzayev AFFA və klub rəhbərlərinə mütəxəssislərdən yararlanmağı məsləhət görüb: “Papaqlarını qabaqlarına qoyub fikirləşməlidirlər. Kənar şəxslərlə yox, futbol adamları ilə məsləhətləşsinlər. Hamı deyir ki, futbolu bilirəm. Balaca uşaq da penaltini, künc zərbəsini, qolu, autu bilir. Futbolun dərinliklərini bilmək başqadır. Biz də tərli formadan çıxmışıq, bu işin içində böyümüşük”.