Yarımfinala damğa vuranlar – “Qarabağ”la “Neftçi” yeni rekordun astanasında
11.02.2022 - 09:40
Yarımfinala damğa vuranlar – “Qarabağ”la “Neftçi” yeni rekordun astanasında

Bu gün Azərbaycan kubokunda ilk yarımfinalçı müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, “Keşlə” ilə üz-üzə gələcək “Qarabağ” yarışın tarixində yeni rekorda imza ata bilər.

Ağdam təmsilçisi yarımfinala ən çox yüksələn komanda olmaq imkanına malikdir. Düzdür, hazırda rekorda şərik olan “Neftçi”nin cəmi bir gün sonra yenidən “Qarabağ”a çatması da mümkündür. Bakılılar bunun üçün “Sabah”ı keçməlidir.

Təbii ki, yeni rekordun “ağ-qaralar”ın adına yazılması da istisna deyil. Bunun üçün Qurban Qurbanovun komandası büdrəməli, Samir Abasovun yetirmələri mərhələ keçməlidir.

Hər iki komanda indiyədək 17 dəfə yarımfinalçı olub. 3-cü olan “Keşlə” isə nəhs uğurun astanasındadır. Bakılılar 12 dəfə finalın bir addımlığında olub.

Ümumiyyətlə isə 1992-ci ildən keçirilən turnirin əvvəlki 29 mövsümündə 29 komanda yarımfinal oynayıb. Bu mövsümlərdən biri 1/4 finalın gedişində dayandırılıb.

Hazırda mübarizəni davam etdirənlərdən yalnız ikisi heç vaxt 1/2 final həyəcanı yaşamayıb. Bunlar “Səbail”lə “Sabah”dır. “Zirə”yə darmadağınla uduzan Aftandil Hacıyevin yetirmələrinin 30-cu olmaq şansı demək olar yoxdursa, Murad Musayev və komandası “Neftçi”ni mübarizədən kənarlaşdıra bilər.

İndiyədək 12 komanda ən azı 3 dəfə yarımfinal oynayıb. Onların yarısı hazırda Premyer Liqada çıxış edir və 1/4 finalçılar arasındadır. Digərlərindən biri – “Kəpəz” aşağı liqada mübarizə aparır. 5 komanda – “Bakı”, “Turan”, “Kür Nur”, “Xəzər Lənkəran” və “Xəzri” tarixin yaddaşına köçən klublardır.

1-2. “Neftçi” - 17
1-2. “Qarabağ” – 17
3. “Keşlə” – 12
4-6. “Bakı” – 8
4-6. “Qəbələ” – 8
4-6. “Xəzər Lənkəran” – 8
7. “Kəpəz” – 5
8. “Sumqayıt” – 4
9-12. “Kür Nur” – 3
9-12. “Turan” – 3
9-12. “Xəzri” – 3
9-12. “Zirə” - 3