Yenilənən “Neftçi”, dünənki “Sabah” - 15x15
09.02.2022 - 15:07
Yenilənən “Neftçi”, dünənki “Sabah” - 15x15

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayıb.

Apasport.az saytının məlumatına görə, iki gün davam edən XV turda 15 qış transferi meydana çıxıb.

8 klubdan yalnız biri yeni futbolçudan yararlanmayıb. Bu, “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edən “Sabah”dır. Ümumiyyətlə, ən az debütant da bu qarşılaşmada olub. Start heyətlərində yenilərin oynamadığı matçın ikinci hissəsində “Qəbələ”də Patrik Robsona şans verilib.

Qış transferlərinə ən çox güvənən “Neftçi” olub. “Ağ-qaralar”ın 5 transferi XV turda şans qazanıb. Bu siyahıda ikinci “Qarabağ”dır – 3 debütant. Maraqlıdır ki, bu komandalar məhz bir-biri ilə üz-üzə gəlib. 15 yeni transferin yarıdan da çoxu – 8-i bu oyunda meydana çıxıb. Onlardan da beşi start heyətində yer alıb və derbini əvəzolunmadan keçirib. Bunlardan dördü yenilənən “Neftçi”də, biri “Qarabağ”dadır. Diqqətçəkən məqam hər iki komandada qapıda yeni simanın olmasıdır.

Hərəyə 2 yeni oyunçu ilə matç keçirən “Keşlə” və “Zirə” öz aralarında münasibətlərini ayırd edib. Keşləlilərdə iki, zirəlilərdə bir debütant start heyətində yer alıb. Autsayderlər “Səbail”lə “Sumqayıt”ın duelində hər komanda yeganə debütantına start “11-liy”ində güvənib.

Ümumiyyətlə, XV turda şans qazanan 15 transferdən 10-u start heyətində meydana çıxıbsa, 5-i sonradan komanda yoldaşını əvəzləyib. 7 transfer 90 dəqiqə oynamaq imkanı əldə edib.

15 transferdən sahə oyunçusu olan 12-si qola həsrət qalıb. Üç qapıçının hər biri top buraxıb. Onlardan biri iki, digərləri hərəyə bir dəfə qola üzülüb.

Transferlərdən yalnız ikisi cəzalanıb. Gilyermo Pato və Hamidu Keyta sarı vərəqə alıb.

15 yeni transferdən 10-u Premyer Liqanın debütantıdır. Digər 5 oyunçudan 4-ü qışda klubunu dəyişib, biri isə geri qayıdaraq mövsümdə debüt edib. Bu “15-lik”də 4 yerli və 11 legioner olsa da, əcnəbilərdən də ikisi milliləşən oyunçudur.