“Hər iki oyunun xeyrimizə olacağını düşünürəm”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Ukrayna ilə keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.
1:5 hesablı məğlubiyyətdən sonra azfutzal.az-a açıqlama verən qolkiper fikrini bu sözlərlə davam etdirib: “Uduzmuşuq deyə bəhanə axtarmıram, buna ehtiyac da duymuram. Meydanda olduğuma, gördüyüm nüanslara görə bu qənaətə gəlmişəm. Apreldən sonra biz milli komanda səviyyəsində heç bir oyun keçirməmişdik. 7 ay futzal üçün az vaxt deyil”.
Kürdov bir gün əvvəl Ukraynaya 0:4 hesabı ilə uduzduqları oyunun bugünkü matçla bənzər olduğunu söyləyib: “İstər avtoqolların olması, istərsə də qapıçının meydan oyunçusu ilə əvəzlənməsi və qolun vurulması belə deməyə əsas verir. Hesabı bərabərləşdirdikən sonra hadisələri xeyrimizə dəyişə bilərdik. Təəssüf ki, avtoqol oldu və onlar üstünlük qazandılar. Daha sonra topu geri qaytarsam da, qol vurmağı bacardılar. Sonra isə beş oyunçu ilə meydanda olduğumuz vaxt qapımızda qol gördük”.
Təcrübəli qapıçı Avropa çempionatında bu səhvləri təkrarlamamağın vacibliyini vurğulayıb: “Əsas odur ki, Avropa çempionatında bu səhvləri etməyək, qolları buraxmayaq. İnanıram ki, onda idman xoşbəxtliyi də tərəfimizdə olacaq. Bu dəfə uğur bizdən üz döndərmişdi. Hesab 1:1 olan zaman üstünlük qolunu biz də vura bilərdik, amma əksi oldu. Ondan sonra sanki oyun “sındı”. Əlbəttə, yoldaşlıq oyunu olsa da, doğma meydanda uduzmaq istəməzdik. İnşallah, final mərhələsində yaxşı nəticə qazanaraq həm xalqımızı sevindirərik, həm də uğurlarımızı davam etdirərik”.