“Səbail”in müdafiəçisi Yurgen Qoxanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, albaniyalı futbolçu mövsümün sonuna qədər komandada qalmağı qərara alıb.
Bunu əməkdaşımızla söhbətində bakılıların baş məşqçisi Aftandil Hacıyev də təsdiqləyib. Çalışdırıcının sözlərinə görə, Albaniyaya qayıtmaq variantı olan 30 yaşlı arxa xətt oyunçusunu komandada qalmağı razı sala biliblər.
Bundan başqa, Bakıda təlim-məşq toplanışını davam etdirən Premyer Liqanın debütantı tam heyətlə hazırlıq keçə bilmir. Çünki 4 legionerdən yalnız ikisi - Yurgen Qoxa və Domantas Şimkus hazırda düşərgədədir. Camal Araqo ilə Nikolas Raysel isə sabah Azərbaycana gələrək, kollektivə qoşulacaq.
Qeyd edək ki, “Səbail” toplanış çərçivəsində Premyer Liqanın digər təmsilçisi “Keşlə” ilə 2 yoxlama görüşü keçirəcək. Aftandil Hacıyev eyni zamanda yetirmələrini I divizion komandaları “Qarabağ-2” və MOİK-lə matçlarda da sınayacaq.