Zaur Ramazanov: “Mahir “Legiya”dan ayrılmaq istəyində tələsir”
07.01.2022 - 00:00
Zaur Ramazanov: “Mahir “Legiya”dan ayrılmaq istəyində tələsir”

“Mahir yaxşı hücumçudur və öz oyunu ilə yenidən “Legiya” azarkeşlərinin sevgisini qazanmalıdır”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov yığmamızın hazırkı üzvü Mahir Emrelinin “Legiya”dan ayrılmaq istəyinə münasibət bildirərkən deyib.

46 yaşlı mütəxəssisin fikrincə, müqaviləsinə xitam verilməsi üçün kluba məktub göndərən həmyerlimiz Polşa təmsilçisində qalmalıdır: “Mahir “Legiya”dan ayrılmaq istəyində tələsir. Çünki klub özü də onun gedişini arzulamır. İstənilən yerdə söz-söhbət, problem olur. Məsələn, “Neftçi”nin oyununda da bəzən kənardan azarkeşlər hansısa futbolçunu təhqir edir. Hər bir klubda belə hal yaşana bilər”.

Ramazanov hesab edir ki, Emreli “Legiya”da əvvəlki formasını bərpa etdikdən sonra başqa kluba keçmək barədə düşünməlidir: “Mahir elə-belə oyunçu olmadığını çıxışı və qolları ilə sübut edə biləcək gücdədir. Bir müddət “Legiya”da oynayıb, oradan daha böyük liqalara getməlidir. Bir sözlə, indiki məqamda “Legiya”da qalmalıdır”.

Qeyd edək ki, “Legiya”nın Dubaydakı təlim-məşq toplanışına yollanmaqdan imtina edən Mahir Emreli 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsinin ləğvinə çalışır.