Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
30.07.2026 - 16:55
Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"

"Hall Siti"nin sahibi Acun Ilıcalı yeni mövsüm öncəsi komanda haqda açıqlamalar verib.

Apasport.az xəbər verir ki, funksioner Türkiyə futbolundakı mənfi atmosferdən narazılığını ifadə edib.

"Türkiyədə hamı qazandığımız pulu danışır. Bəli, təxminən 300 milyon avro gəlir əldə edəcəyik. Amma rəqiblərimizin büdcəsi 1 milyard avro səviyyəsindən başlayır. Buna baxmayaraq, gecə-gündüz çalışırıq. Keçən il hamı "Hall Siti"nin aşağı liqaya düşəcəyini deyirdi, amma biz Premyer Liqaya yüksəldik. Bu il də çoxları eyni fikirdədir. Mən isə komandama, futbolçularıma və baş məşqçimə güvənirəm".

Ilıcalı komandada xarakter amilinə xüsusi önəm verdiyini vurğulayıb:

"Uğurumuzun əsas səbəbi güclü ailə olmağımızdır. Yeni futbolçu götürəndə ilk sualımız onun xarakteri ilə bağlı olur. Soyunub-geyinmə otağında problem yaradan futbolçu istəmirik".

Türkiyə futbol mühitini də tənqid edən funksioner bunları əlavə edib:

"Türkiyədəki neqativ mühitdən bezdim. Hər yerdə mənfilik var. Oradan çıxanda sanki havasız otaqdan çıxmış kimi hiss etdim. Ümid edirəm ki, bir gün ölkəmizin futbolu haqqında daha pozitiv danışa biləcəyik. Təkcə mən yox, şərhçilər də eyni fikirdədir".