“Qarabağ”a xəbərdarlıq: “Marsel” Konfrans Liqasında çox irəliləyəcək”
14.12.2021 - 09:54
“Qarabağ”a xəbərdarlıq: “Marsel” Konfrans Liqasında çox irəliləyəcək”

Fransanın keçmiş futbolçusu Lüdovik Obranyak Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel”in hazırkı durumunu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı sabiq yarımmüdafiəçi Fransa klubunun fiziki cəhətdən tükəndiyini düşünür.

Polşa millisinin formasını geyinmiş Obranyak bunda baş məşqçi Xorxe Sampaolonu günahlandırıb: “Sampaolonun tətbiq etdiyi ağır oyun üslubu ilə mövsümboyu eyni formada qalmaq mümkün deyil. Çünki komandası yorğundur. Belə vəziyyətdə yüksək səviyyədə çıxış etmək çətindir”.

Ancaq onun fikrincə, “Marsel” qış fasiləsində gücünü bərpa edə biləcək və “Qarabağ” önünə yaxşı vəziyyətdə çıxacaq: “Komanda qış fasiləsində vəziyyətini düzəldəcək, yanvarda mövsümün əvvəlindəki oyun planı ilə yenidən mübarizəyə başlayacaq. Çünki futbolçular ilin sonunda yorğunluğu üzərlərindən atacaqlar. Bu səbəbdən əminəm ki, həm Konfrans Liqasında çox irəliləyəcək, həm də növbəti Çempionlar Liqasına vəsiqə qazanacaq. “Marsel”in bundan sonrakı rəqibləri buna görə davranmalıdırlar”.

Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də Marseldə, 24-də isə Bakıda keçiriləcək. İlk görüş Bakı vaxtı ilə saat 00:00-da, cavab qarşılaşması isə 21:45-də başlayacaq.