“Qol həmişə sevinc səbəbidir. Ümid edirəm ki, qol vurmağa və “Sabah”a kömək etməyə davam edəcəyəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın hücumçusu Lukas Rangel ölkəsi Braziliya mətbuatına açıqlamasında deyib.
Premyer Liqanın XXVI turunda “Səbail” üzərində səfər qələbəsinə (2:0) qolla töhfə verən 28 yaşlı forvard “Sabah”ın heyətində siftə edib. “Sambaçı” əvvəlki matçlarda da qol vurmağa çalışdığını söyləyib: “Əvvəldən o qolu axtarırdım, amma top qapıya girməməkdə israr edirdi. “Səbail”lə oyunda bizim üçün çox vacib olan qolu vura bildiyim üçün sevinirəm”.
Ukraynada baş verən hadisələr səbəbindən martda “Vorskla”dan “Sabah”a keçən Rangel uzun müddət toparlanmaqda çətinlik çəkdiyini etiraf edib: “Ukraynanı tərk etmək üçün çox çətin anlar yaşadım və bu, şübhəsiz ki, fiziki vəziyyətimin bir hissəsini aldı. Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlər oldu. Orada yaşadıqlarım həyatımın ən ağır anları idi. Ancaq son bir neçə oyunda özümü daha yaxşı hiss edirdim və görürəm ki, formaya düşürəm”.
Qeyd edək ki, Lukas Rangelin “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Onun “Vorskla” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.