Elmar Baxşıyev: “Etiraz olması normaldır”
13.02.2022 - 16:54
Elmar Baxşıyev: “Etiraz olması normaldır”

“Düşündüyümüzdən də ağır oyun alındı. İlk matçdan sonra demişdik ki, mərhələ həll olunmayıb”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la keçirilən cavab oyunu barədə danışarkən deyib.

İlk matçda 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” cavab qarşılaşmasında qollu bərabərə qalaraq (1:1) yarımfinalda “Qarabağ”a rəqib olub.

Oyundan sonra “CBC Sport” kanalına açıqlama verən Baxşıyev fikrini bu sözlərlə davam etdirib: “İlk yarıda üstünlük komandamızda idi. İkinci hissədə rəqib təzyiqi artırdı. Biz də ehtiyatlı oynamağa çalışdıq. Futbolçuya etiraz olması normaldır. Sametin ilk oyunu idi. Gənc futbolçudur. Getdikcə daha yaxşı olacaq”.

O, yarımfinalda “Qarabağ”la maraqlı mübarizə olacağını söyləyib: “Qarabağ”la yaxşı oyunlar olacaq. Əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, “Qəbələ” ilə “Qarabağ” arasında yarımfinal matçları aprelin 20-də və 29-da keçiriləcək.