“Ümid edirəm ki, Küveyt və Azərbaycanla oyunlar Millətlər Liqasına daha yaxşı hazırlaşmağımıza köməklik göstərəcək”.
Apasport.az saytının “lsm.lv”yə istinadən məlumatına görə, bunu Latviya yığmasının qapıçısı Rixard Matreviç deyib.
Malta toplanışı çərçivəsində Azərbaycanla keçirilən yoldaşlıq görüşündə Latviya millisinin heyətində debüt edən 23 yaşlı qolkiper hisslərini bölüşüb. Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ikinci hissəsində mübarizəyə qoşulan Matreviç bunun ona əlavə motivasiya verdiyini söyləyib: “Latviya millisinin forması ilə meydana çıxmaqdan xoşbəxt idim və həzz aldım. Tək düşüncəm Azərbaycan üzərində qələbəyə kömək etmək idi”.
Qolkiper etiraf edib ki, Qara Qarayevin 30-cu dəqiqədə qırmızı vərəqə alması işlərinə yarayıb: “Qapıçı üçün oyuna əvvəldən qoşulmaq daha asandır. Ancaq mən fasilədə hazırlaşaraq meydana girdim. Nə vaxtsa bu olmalı idi. Yaş meydançada çətin anlar yaşadığımı etiraf etməliyəm. Qələbə qazanmağımıza baxmayaraq, daha yaxşı oynamaq istəyirdik. Çünki Azərbaycan yığması matçın böyük hissəsini azlıqda keçirdi. Rəqibin 10 nəfərlə çıxış etməsi mənim də işimi asanlaşdırdı”.
Qeyd edək ki, Latviya millimizlə oyundan əvvəl Küveytlə yoldaşlıq görüşündə heç-heçə (1:1) edib.