Sabah Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, matçları eyni vaxtda başlayacaq turda bütün suallara aydınlıq gələ bilər.
Çempion “Qarabağ” və gümüş mükafatçı “Neftçi”nin ardından “Zirə” son turu formallaşdıra bilər. Bunun üçün bakılılar öz meydanında “Neftçi”yə qalib gəlməlidir. Rəşad Sadıqovun yetirmələri bunu bacarsa, avrokuboklara vəsiqəni rəsmiləşdirəcək. “Qəbələ”nin Şamaxıda eyniadlı komanda ilə görüşdə büdrəməsi isə “Zirə”nin bürünc medalı təmin etməsi anlamına gələcək.
Əsas mübarizə “Qəbələ” ilə “Sabah” arasında getdiyindən, bu komandaların oyunlarına maraq daha böyükdür. Bakılıların doğma arenasında “Sumqayıt”dan 3 xal alması gözlənilir. Şamaxı səfəri bu mənada “qırmızı-qaralar” üçün kritik önəm daşıyır. Çünki “Qəbələ” bu qarşılaşmada büdrəyərsə, son turda “Sabah” önünə yalnız qalibiyyət qazanmaq üçün çıxacaq. Çünki şəxsi oyunlarda Murad Musayevin kollektivi üstündür.
“Qəbələ”nin bu turdakı qalibiyyəti, “Sabah”ın isə “Sumqayıt” önündə xal itirməsi son turu tamamilə formal hala çevirəcək. Bu baş verərsə, “Zirə” və “Qəbələ” Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək və “Sabah” kənarda qalacaq.
Turun digər görüşündə isə çempion “Qarabağ” autsayder “Səbail”in qonağı olacaq. Bütün matçlar saat 17:00-da başlayacaq.