Qurban Qurbanov: “Harada desələr, orada da oynayacağıq”
29.04.2022 - 19:45
Qurban Qurbanov: “Harada desələr, orada da oynayacağıq”

“Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar”

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə cavab oyunundan sonra deyib.

Səfərdə 3:1 hesablı qələbədən sonra evdə rəqibini darmadağın edən (5:0) Ağdam təmsilçisi finala adlayan ilk klub olub.

Qurbanovun qarşılaşmanın ardından qalibiyyət şərhi belə olub: “Kubok fərqli prestij deməkdir. Oyunçularımız bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, finala da istəkli hazırlaşacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı”.

50 yaşlı mütəxəssis finalın harada keçirilməsi kimi məsələlərə heç vaxt müdaxilə etmək istəmədiyini vurğulayıb: “Bölgədə də, Bakıda da oynamışıq. Harada desələr, orada da oynayacağıq”.