“Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verdiyi qərarlara münasibət bildirərkən deyib.
50 yaşlı mütəxəssis bildirib ki, çempionatın gedişi barədə fikirlərini bildirsələr də, fərqli qərarlarla qarşılaşıblar: “Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq deyə klublara məlumat gəlmişdi. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun işimizlə məşğul olmuşuq. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər”.
Təcrübəli çalışdırıcı qərarlara təəccüblənmədiyini əlavə edib: “Bundan sonra, ümumiyyətlə, fikir bildirməyəcəyəm. Fikirlərimizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək və çempionatda əvəzetmə sayı dəyişdirilməyəcək.