Vüqar Nadirov: “Qarabağ” “Qızıl dubl” şansını əldən verməyəcək”
04.05.2022 - 15:11
Vüqar Nadirov: “Qarabağ” “Qızıl dubl” şansını əldən verməyəcək”

“Bir qarabağlı kimi “Qarabağ”ın çempionluğuna sevinirəm”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov bu komandanın Premyer Liqanın XXV turunda çempionluğu təmin etməsinə münasibət bildirərkən deyib.

35 yaşlı sabiq hücumçu finalda “Zirə” ilə üz-üzə gələcək Ağdam klubunun ölkə kubokunu da qazanacağını düşünür: “Qarabağ”ın səviyyəsini hamı bilir. Bu komanda həmişə sona 4-5 tur qalmış çempionluğu təmin edir. Bu dəfə də istisna olmadı. Yəqin ki, bundan sonrakı hədəfləri ölkə kubokunu qazanmaq olacaq. Məncə, Ağdam klubu “Qızıl dubl” şansını əldən verməyəcək”.

“Qarabağ”la 5 dəfə çempion olan Nadirov hesab edir ki, bu komandanın inkişafı üçün Premyer Liqanın səviyyəsi daha da yüksək olmalıdır: “İnkişaf üçün çempionatda güclü rəqiblər və Premyer Liqanın səviyyəsi yüksək olmalıdır. Bu halda həm çempionatda, həm də avrokuboklarda eyni tempdə mübarizə aparmaq olar. Deyilənə görə, növbəti mövsüm çempionatda komanda sayı 10 olacaq. Ümid edirəm ki, bu, Premyer Liqanın səviyyəsində də müsbət təsiri edəcək”.

Azərbaycan millisinin sabiq üzvü “Qarabağ”ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib. O, komandanın ilk mərhələləri asanlıqla keçəcəyini düşünür: “Qarabağ”ın həm yerli, həm də əcnəbi oyunçuları çox güclüdür və həvəslə oynayırlar. Amma çempionatdakı böyükhesablı qələbələrə aldanmaq olmaz. Çünki avrokubok tam başqa turnirdir. Qurban Qurbanov bunu bildiyi üçün hər zaman deyir ki, arxayınlaşmaq olmaz. Yəqin ki, mövsümün sonunda yeni transferlər olacaq. Çempionlar Liqasının ilk iki təsnifat mərhələsində zəif rəqiblər düşəcək. Artıq üçüncü raunddan rəqiblər getdikcə güclənəcək. İnşallah, “Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında Azərbaycan xalqını sevindirəcək”.

Qeyd edək ki, Vüqar Nadirov 2001-2005, 2009-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.