"Fənərbaxça" heyətini 65 milyon avroluq hücumçu ilə gücləndirəcək
07.06.2024 - 14:36
"Fənərbaxça" heyətini 65 milyon avroluq hücumçu ilə gücləndirəcək

Super Liqa komandalarından "Fənərbaxça"da Joze Mourinyo dövrü rəsmən başlayandan sonra klub ulduz futbolçular transfer etməyi planlaşdırır. 

Apasport.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının gəlişindən sonra adı dünya şöhrətli futbolçularla hallanan “Fənərbaxça” üçün yeni iddia ortaya atılıb.

Məlumata görə, Fransa Liqa 1 nəhəngi PSJ futbolçusu Qonçalo Ramosu icarəyə göndərmək istəyir. Beləliklə, "sarı-lacivərdlilər" portuqaliyalı futbolçunu heyətinə cəlb edə bilər. 

PSJ "Benfika"dan 65 milyon avroya heyətinə qatdığı futbolçunu oynamaq şansı qazanacağı kluba icarəyə vermək istəyir.

"Fənərbaxça"nın prezidenti Ali Koçun PSJ-nin sahibi Əl-Xəlafi ilə yaxın dost olması və Qonçalo Ramosun Joze Mourinyo ilə şəxsən əlaqəsi olması transfer ehtimalını gücləndirir. 

Xatırladaq ki, Ramos və Mourinyonun ortaq menecerləri var. 

Qeyd edək ki, Qonçalo Ramos ötən mövsüm PSJ-nin heyətində 40 matçda 1877 dəqiqə meydanda olub. Portuqaliyalı futbolçu bu matçlarda 14 qol vurub, 2 məhsuldar ötürmə edib.

0