Əfqan Həmzəyev: “İndiki səhvlər 10 il əvvəl olsaydı, heç bir oyun başa çatmazdı” - MÜSAHİBƏ
15.02.2022 - 16:40
Əfqan Həmzəyev: “İndiki səhvlər 10 il əvvəl olsaydı, heç bir oyun başa çatmazdı” - MÜSAHİBƏ

Dünya Mini-Futbol Federasiyasının Hakimlər Komitəsinin sədr müavini, sabiq FIFA hakimi Əfqan Həmzəyevin apasport.az saytına müsahibəsi

“Hansı klubda idarəçilik futbolu bilən insanların əlindədir, onların işi asan gedir”
- Azərbaycan Premyer Liqasında oyunları yəqin ki, izləyirsiniz. Kənardan çempionatımız necə görünür?

- Hesab edirəm ki, çempionat normal şəkildə gedir. Qış fasiləsindən sonra bəzi klubların heyətlərini gücləndirməsi və bu işə daha peşəkar yanaşması çempionatın görünüşünü dəyişə bilər. Məsələn, “Sabah” mövsümün ikinci yarısına yaxşı başladı. Yalnız ölkə kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab görüşündə müdafiəçilərinin gözlənilməz səhvləri ucbatından növbəti mərhələni rəqibə hədiyyə etdilər. Ümumilikdə “Qarabağ”ın hegemonluğu aşkar şəkildə görünür. Həm heyət, həm işin peşəkar səviyyədə qurulması baxımından, ümumiyyətlə, bütün komponentlərdə “Qarabağ” nəinki digər komandalardan, çempionatın özündən bir baş üstündür. Klub idarəçiliyi çox önəmlidir. Bu işi bilən şəxslər olmalıdır. Hansı klubda idarəçilik futbolu bilən insanların əlindədir, onların həm işi asan gedir, həm də uğur qazanmaları qaçılmazdır. “Qarabağ”da da iş peşəkar şəkildə qurulub. Artıq neçə ildir ki, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edirlər. Cənab Prezidentimiz İlham Əliyevin onlara verdiyi yüksək dəyər də bunun göstəricisidir. Hətta kluba maddi yardım da edir. Düzdür, “Qarabağ”ın özünün kifayət qədər büdcəsi var. Sadəcə, bu, dövlət başçısının Azərbaycanda idmana və idmançılara diqqətindən, qayğısından irəli gəlir. Prezidentimizin Avropada uğur qazanan komandanı qəbul etməsi digər klublarımız üçün də motivasiyadır. Bundan başqa, “Zirə” rəhbərliyin münasibəti də futbolu sevdiklərini, klubun öncüllərdən olmasını istədiklərini göstərir. Baş məşqçiləri Rəşad Sadıqov isə Azərbaycanın yaxın keçmişdə ən tanınmış futbolçularından olub. İşlər düzgün qurulanda uğur da qazanılır. Bu baxımdan “Səbail”də axsamalar var. Klubun elitada normal yer tuta bilməməsi, futbolçu heyətinin tez-tez dəyişdirilməsi, rəhbərlikdəki dəyişikliklər - futbola münasibət elə səviyyədədir ki, orada uğurdan söhbət gedə bilməz. Çünki uğur üçün normal münasibət olmalıdır. “Səbail”in əksinə, “Qəbələ” illərdir Azərbaycan futbolunun lokomotivinə çevrilib, ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edib. Əvvəllər büdcəsi çox idi. İnfrastruktur var, akademiyası olan tək-tük klublarımızdandır. Digər klubların əksəriyyətində yetirmələri var. “Qəbələ”nin də yavaş-yavaş özünə gələcəyini düşünürəm. O ki qaldı “Keşlə”yə, ötən mövsüm Azərbaycan kubokunu qazansa da, orada mühüm irəliləyiş görmürəm. Bu da klubun idarəçiliyindən asılıdır. Hesab edirəm ki, “Keşlə” Şamaxıya köçdükdən sonra bölgə xalqının da dəstəyi ilə öz yolunu tapmalıdır.

“Son vaxtlar hakim səhvləri gözlə görünən qədər aşkardır”
- Sabiq FIFA referisi kimi, hakimliyimizin səviyyəsi sizi qane edirmi?

- Çempionat oyunlarının tempi yüksəldikcə hakimliyin də səviyyəsi artmalıdır. Çünki matçlardakı sürətlə və müasir futbolla ayaqlaşmaq üçün hakimliyimizin inkişafı önəmlidir. Hesab edirəm ki, AFFA hakimliyin inkişafına böyük önəm verir. Buna nümunə kimi, Hakimlər Komitəsindəki rəhbər dəyişikliyini və Avropa səviyyəsində bir insanın (Fritz Ştuxlik – R.S.) gətirilməsini göstərə bilərəm. Düzdür, son vaxtlar hakim səhvləri gözlə görünən qədər aşkardır. Heç kim deyə bilməz ki, hakimlik səhvsizdir. Cidanı çuvalda gizlətmək olmaz. Hakimlərimiz komandaların sürətinə ayaq uydurmalıdırlar. Gənc referilərimiz çoxdur. Onların təcrübəsi azdır. Təcrübə topladıqdan sonra öz sözlərini deyə biləcəklər.

- AFFA Hakimlər Komitəsinə Avropa səviyyəli rəhbərin gətirildiyini dediniz. Ancaq etiraf edin ki, təyinatlar düzgün bölüşdürülmür, taleyüklü matçlar təcrübəlilərə həvalə olunmur, nəticədə ciddi səhvlər ortaya çıxır...
- Razıyam, təcrübəli hakimlərə oyun yükünü daha çox vermək lazımdır. Elə matçlara elə hakimlər təyin olunur ki, həmin yükü daşımaq onluq deyil. İnsana daşıya bilməyəcəyi yükü yükləyəndə onun altında əzilər. Gənc hakimlərdə perspektiv görürəm. Hesab edirəm ki, normal iş gedir, müəyyən zaman lazımdır.

“Hakimlərimizin çoxu oyunu “oxuya” bilmir”
- Bəs hakimliklə bağlı çatışmazlıqlar nələrdir?

- Ən böyük problem mental düşüncədir. Məntiqi düşüncə lazımdır. Qaydalar öz yerində, hakim bunları mütləq bilməlidir ki, düzgün tətbiq edə bilsin. Ancaq yazılmayan bir qayda var ki, komandaları, futbolçuları “oxumaq” lazımdır. Yəni təyinat aldığın komandaların üslubunu, ayrı-ayrılıqda futbolçularını, onların mental düşüncələrini, matça hazırlığını təhlil eləməli, özünü həm fiziki, həm də psixoloji cəhətdən hazırlamalısan. İnsanın beyni yorulduqca səhvlər ard-arda gəlir. Bəzən oyunda səhv edirlər və bunu başqa bir səhvlə örtməyə çalışırlar. Bu, düzgün yanaşma deyil. Səhv etdinsə, bunu unutmalısan. Çünki bu artıq oldu, keçdi. Hakimləri məntiqi cəhətdən də oyunlara hazırlamaq lazımdır. Hakimlərimizin çoxu oyunu “oxuya” bilmirlər. Bu da təcrübəsizlikdən irəli gəlir.

“Zəif bir matça iki FIFA hakimini göndərmək hansı məntiqə əsaslanır?”
- Ölkə kubokunun 1/4 final mərhələsində FIFA referisi Əliyar Ağayev ən lazımsız “Səbail” – “Zirə” matçına təyinat aldı. Halbuki “Sabah” - “Neftçi” matçının prinsipiallığı böyük idi. Fritz Ştuxlikin Əliyarı sıxması, taleyüklü matçlara təyin etməməsi artıq uzun müddətdir müzakirə mövzusudur. Sizin bununla bağlı fikirləriniz nələrdir?

- Əliyar Ağayevi sıxışdırmaları fikri ilə qəti razı deyiləm. Amma təyinatın düzgün olmaması ilə razıyam. “Səbail” – “Zirə” görüşünün baş hakimi Əliyar Ağayev, 4-cü hakimi isə Rauf Cabarov idi. İki güclü oyun qalıb kənarda, zəif bir matça iki FIFA hakimini göndərmək hansı məntiqə əsaslanır? Bunu niyə etdikləri mənə çatmır. Yəqin ki, bir bildikləri var. Bəlkə başqa hakimləri də yoxlamaq istəyirlər. Bunu kubokda sınamaq istədilər. Hesab edirəm ki, bu, çıxış yolu deyil.

- Ancaq hakim səhvi ucbatından hansısa komandanın əziyyəti puç ola bilər. Ölkə kuboku eksperiment üçün nə dərəcədə düzgündür?
- Tamamilə razıyam. İlk oyundakı heç-heçə “Sabah” - “Neftçi” görüşünün gərgin mübarizə şəraitində keçəcəyinin xəbərçisi idi. Bu yükün altından da peşəkar hakim rahat çıxa bilərdi. Ancaq həm birinci hissədə, həm də ikinci hissədəki hakim səhvləri vəziyyəti bu həddə çatdırdı.

“Problem Eddinin hərəkətindən başladı”
- Həmin qarşılaşmada baş hakim Rəvan Həmzəzadə “Sabah”ın iki futbolçusuna qırmızı vərəqə göstərdi. Epizodları dəyərləndirdikdə referinin hansı səhvlərə yol verdiyi qənaətinə gəldiniz?

- Birinci hissədə “Neftçi”nin müdafiəçisi Azər Salahlının epizodu təmiz penalti idi. Çünki həmin anda əl açıq idi. Futbolda topun ələ dəyməsi bütün dünyada çox problemli məsələdir. İndiyə qədər bunun həll yolunu tapa bilməyiblər. Çünki düşüncələr, çempionatın yükü fərqlidir, hər ölkənin hakimlik stili tam başqadır. Əgər əl normal vəziyyətdədirsə və topa doğru hərəkəti yoxdursa, bu, əllə oyun sayılmır. Amma Azər Salahlının epizodunda müdafiəçi topa tərəf əyilir, istər-istəməz qol açılır. Nə olsun ki, dirsək bədənə bitişikdir. Qolun dirsəkdən sonrakı hissəsi açıqdır və qapıya gedən topun qarşısını bilərəkdən kəsir. Bir də son dəqiqələrdə “Sabah”ın qapısına penalti verilməli idi. Zurab Oçiqava qapıçı ilə təkbətək çıxan rəqibi tutub saxlayırdı və üstəlik, topu əli ilə götürdü. Biri var səhv ola, bunu ancaq hakim görər. Amma bütün stadionun gördüyü səhvi hakim görmürsə və ya görmək istəmirsə, bu artıq səhv deyil. Belə bir səhvə yol vermək olmaz. Hakim həmin anda düşündü ki, “Sabah” 1:3 hesabı ilə məğlub durumdadır, üstəlik eyni epizodda iki qırmızı vərəqə göstərmişəm, penaltini də versəm, məni öldürəcəklər. Ancaq qaydalar deyir ki, 10 penalti olsa, hamısını verməlisən. Ona görə deyirəm ki, hakim təyinatları zamanı belə matçlara “bişmiş”, daha soyuqqanlı referi göndərmək lazımdır.

- Bəs 74-cü dəqiqədə yaşanan gərginlik zamanı hakimin qərarları sizi qane etdi?
- Aleksey İsayev və Səlahət Ağayevə göstərilən qırmızı vərəqədə haqlı idi. Amma verilməyən iki qırmızı da var idi. Həm Eddi İsrafilov kobudluğuna görə, həm də qarışıqlıq zamanı onun ayağını bilərəkdən tapdalayan Zurab Oçiqava meydandan qovulmalı idi. FIFA deyir ki, mübarizə top uğrunda olmalıdır. Top uğrunda mübarizə yoxdursa və epizodda rəqibi qəsdən zədələmək varsa, düşünmədən qırmızı vərəqə verməlisən. Hərəkətin qırmızı vərəqəlik olub-olmadığını hakim yox, oyunçu özü fikirləşməlidir. Ancaq həmin epizodda referi düşündü ki, verim, yoxsa verməyim? Problem Eddinin hərəkətindən başladı. Sən birinci onu cəzalandırmalısan ki, ədaləti bərpa elədiyin hamıya agah olsun. Səlahət Ağayev isə oyunçuları ayırmaqdansa, rəqibi itələdi, oyunçuları daha da qızışdırdı. O da qırmızı vərəqəyə layiq idi.

- Rəvan Həmzəzadə həmin epizodda gərginliyin artmasının qarşısını ala bilməzdi?
- Futbolçular bir-biriləri ilə itələşməyə başlayanda hakim dərhal müdaxilə eləməli, onları ayırmalı idi. Əgər epizoda müdaxilə etmək imkanın varsa, mütləq bundan yararlanmalısan. Oyunçulara görə yox, özünə görə eləməlidir ki, sonradan belə problem yaranmasın. Maraqlıdır ki, yaşananları baş hakim də, bir köməkçisi də, hətta ehtiyat hakim də görürdü. Anında ya hər üçü araya girməli, ya da elə mövqe tutmalı idilər ki, oyunçuların hərəkətlərini görə bilsinlər. Üçü də bir yerə yığılıb baxmamalıdır. Hakimlər də bir komandadır, fors-major situasiyalarda nə edəcəklərini bilməlidirlər. Üstəlik, Rəvan Həmzəzadə gənc hakim də deyil. Premyer Liqada kifayət qədər təcrübəsi var. Bu matçı idarə etmək onun üçün problem olmamalı idi.

- Bəs ona nə mane oldu?
- Məsələ ondadır ki, Rəvan Həmzəzadə üç gün əvvəl çempionat oyununu idarə eləmişdi. Fakt hiss olundu ki, mental yorğunluq var. Üstəlik, oyuna bölgədən gəlir. Matçı ona vermək nə məcburdur? Çempionatda təyinat verdin, kubokda istirahət eləsin. 12 baş hakim var və cəmi 4 kubok matçı keçirilir. Məsələn, Kamal Umudlu, Rauf Cabarov bu oyunun yükünü daşıya bilərdi, heç bir problem də yaşanmazdı.

“Qarabağ”la matçda “Keşlə”nin yüz faizlik penaltisi verilmədi”
- Premyer Liqanın XV turunda keçirilən “Neftçi” – “Qarabağ” (1:2) matçının bir epizodunda Riçard Almeyda arxadan gələn Gilyerme Patonun sifətinə əllə vursa da, braziliyalının passivində sarı vərəqə olduğu halda baş hakim onu meydandan qovmadı. Həmin epizodu necə dəyərləndirirsiz?

- Açığı, o epizodu görməmişəm. Əgər dediyiniz kimidirsə, bu, birbaşa qırmızı vərəqəlik hərəkətdir. Bunun bağışlanılması da mümkün deyil. Mübarizə top uğrunda deyilsə, oradakı qayda pozuntusu ya sarı, ya da qırmızı vərəqədir. FIFA deyir ki, vərəqəsiz keçinmə orada. Çünki top uğrunda aparılmayan bütün mübarizələr idmançıya yaraşmayan hərəkətdir. Yüngül foldursa sarı, ağır formada foldursa qırmızı vərəqədir. Futbolu əllə yox, ayaqla, bədənin başqa hissələri ilə oynayırlar. Sən oyunçunu niyə vurursan? Elə kubokunun “Keşlə” – “Qarabağ” (0:6) matçında hesab 0:4 olarkən “Keşlə”nin yüz faizlik penaltisi verilmədi. Filip Ozobiç rəqibin braziliyalı oyunçusu (Felipe Santos – R.S.) tutub çəkdi. Ümumi hesabda “Keşlə” 0:5 geridədir, həmin andan sonra 6 qol vurası deyil ki. Matçın bitməsinə 5-6 dəqiqə qalıb, əsəblər də tarıma çəkilib. Penaltini verməmək və ya epizodu görməmək nə deməkdir? Açıq-aydın görünən hərəkətdir də.

- Almeydanın epizoduna baş hakimlə yanaşı, bir laysman və ehtiyat hakim də yaxın idi. Bir çox ölkələrdə olduğu kimi, sanki bizdə də hakimlər daha güclü, böyük klubdan çəkinirlər...
- Hansısa böyük klubdan çəkinmə olduğunu düşünmürəm. İkisi də böyük klubdur. Yeri gələndə “Neftçi”nin tarixi, kökü “Qarabağ”dan da qədimdir. Hakim çəkinməli olsa, “Qarabağ”dan yox, elə “Neftçi”dən çəkinməli idi. Sadəcə, psixoloji və məntiqi hazırlıqları o səviyyəli qərarlar qəbul etmələrinə imkan vermir. İngilislərin bir atalar sözü var: “Ağıllı insan o deyil ki, pis situasiyadan çıxsın. Ağıllı insan odur ki, o situasiyaya heç düşməsin”. Hakim niyə o situasiyaya çatdırır?

“VAR olan ölkələrdə nə qədər səhvlər baş verir”
- Futbol ictimaiyyətində belə bir fikir var ki, VAR sisteminin ölkəmizdə önəmini böyütmək üçün hakimlərə qəsdən səhv etmələri tapşırılır. Sizcə, bu nə dərəcədə inandırıcıdır?

- Mən belə düşünmürəm. Elə şey olar? Səhvlər edim, kiminsə haqqına girim ki, VAR gəlsin. Üstəlik, FIFA heç bir federasiyanı çempionatında VAR-dan yararlanmağa məcbur eləmir. VAR könüllü, hakimlərə yardımçı ola biləcək sistemdir. Bunun tətbiqi yaxşı olar. 

- Siz, ümumiyyətlə, VAR-ın futboldakı rolunu necə görürsüz?
- VAR tətbiq olunandan sonra Azərbaycan hakimliyinin səviyyəsinin dəyişəcəyinə kim təminat verə bilər? VAR olan ölkələrdə nə qədər səhvlər baş verir. Hətta bütün stadionun gördüyü epizoda təkrar baxıb, yenə səhv qərar verirlər. Yəni VAR da çıxış yolu deyil. Əsl VAR sistemini AVRO-2020-də gördük. Çox nadir hallarda, 1-2 epizodda hakim epizoda baxdı. Qalan epizodların hamısında VAR-da oturanlar dedi, baş hakim dərhal qərar verdi. Amma Türkiyədə vəziyyət biabırçılıqdı. Oyun dayanır, 5 dəqiqə baxırlar, sonra hakimi də çağırırlar. Epizod davam edir, digər qapıya qol olur, ondan sonra hakimi çağırırlar. VAR sistemində qərarın qəbul edilməsi üçün optimal vaxt 30 saniyə ilə 1 dəqiqə arasındadır. Stadionda 50 min adam səni gözləyə bilməz, anında qərar verməlisən. VAR-da ona görə hakimlər oturdurlar ki, oradan qərarı desinlər. Kim zəmanət verə bilər ki, VAR Azərbaycana gələndən sonra hakim səhvi olmayacaq? Mən hesab edirəm ki, VAR sistemi hakimləri tənbəlləşdirdi. Çünki arxayın olurlar ki, səhv etsəm də, VAR bunu düzəldəcək. Aşkar ofsayd epizodunda futbolçu topla 30 metr irəliləyir, qol vurur, sonra yan xətt hakimi bayrağı qaldırır. Futbolçu da haqlı şəkildə narazılıq edir. Açıq-aşkar görünən epizodda vaxtında fiti vermək lazımdır. Axı oyunun tempini aşağı salır, azarkeşlərin narazılığına səbəb olur. VAR-ın da kifayət qədər çatışmazlıqları var. VAR-dan ideal şəkildə istifadə edilərsə, ideal sistem olar. İnanmıram ki, VAR Azərbaycan hakimlərinə nəsə kömək edəcək. Əgər sistemdən düzgün istifadə edilsə, köməkliyi olar. Türkiyə, Rusiya, Rumıniya çempionatlarında VAR-dan biabırçı şəkildə yararlanırlar. Hətta İngiltərə çempionatında belə, bəzən VAR-a baxdıqdan sonra doğru qərar qəbul eləmirlər. Onlara görə doğru ola bilər, amma bizə görə yanlışdır. Hakimlərin mentaliteti, düşüncələri, oyun səviyyələri, idarə formaları, hazırlıqları ölkələrə görə dəyişir. İngiltərə çempionatındakı itələmə burada olsa, az qala sarı vərəqə verilər. Bəzən fiziki təmas olur, oyunçu beş metr uçur, hakim isə “qalx ayağa, oyun davam edir” deyir. Orada buna görə oyunu saxlamırlar. Bizdə belə cəriməni verməsən, klub rəhbərləri adamı yeyərlər. Hakimlərlə yanaşı, eyni dərsi, eyni sistemi komandalara da keçmək lazımdır ki, hansı epizodun fol olub-olmadığını bilsinlər, qışqır-bağır eləməsinlər. Əslində indi hay-küy yaranacaq bir şey də yoxdur. Çünki komanda sayı azdır, əvvəlki kimi ajiotaj yoxdur. İndiki səhvlər 10 il əvvəlki çempionatda olsaydı, heç bir oyun başa çatmazdı. Artıq hər şey adiləşib. Bizim vaxtımızda oyunlara ən azı 1500-2000 azarkeş gəlirdi. İndi çempionatın lideri “Qarabağ”ın ev oyununa 300-500 nəfər gəlir. Bu mənada deyirəm ki, indiki durumda belə, hakimlər oyunları idarə edə bilmirlərsə, deməli, problem var. Hesab edirəm ki, hakimlər komitəsində normal şəkildə iş gedir. Amma bunun nəticəsi niyə yoxdur, bu sual məni çox düşündürür.

Ruslan Sadıqov