
İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Pepe Reyna karyerasını bitirməyə qərar verib.
Apasport.az xəbər verir ki, 42 yaşlı qolkiper bu barədə sosial media hesabında məlumat yayıb.
Hazırda İtaliyanın “Komo” klubunda çıxış edən təcrübəli qolkiper 26 illik peşəkar karyerasına yekun vurduğunu söyləyib. O, A Seriyasının son turunda mayın 23-də "İnter"ə qarşı son matçını keçirəcəyini etiraf edib.
Reyna növbəti mövsüm İspaniyanın “Vilyarreal” klubunun akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Pepe Reyna karyerası ərzində İtaliyada "Napoli", "Milan", "Latsio", ölkəsində “Barselona”, “Vilyarreal”, Almaniyada “Bavariya” və İngiltərədə “Liverpul” kimi tanınmış komandalarda çıxış edib.