İsti Haalandı “söndürdü”: 75 dəqiqəyə 4 toxunuş
08.06.2026 - 10:22
İsti Haalandı “söndürdü”: 75 dəqiqəyə 4 toxunuş

2026-cı il dünya çempionatına hazırlığını davam etdirən Norveç millisi yoxlama oyununda Mərakeşlə qarşılaşıb.

Apasport.az xəbər verir ki, ABŞ-da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Mərakeş yığması 7-ci dəqiqədə Brahim Diazın qolu ilə hesabı açıb. Norveç isə 75-ci dəqiqədə Martin Edeqorun dəqiq zərbəsi ilə məğlubiyyətdən xilas olub.

Matçın ən çox diqqət çəkən məqamlarından biri Erlinq Haalandın zəif statistikası olub. Norveç millisinin əsas qol ümidi meydanda qaldığı 75 dəqiqə ərzində cəmi 4 dəfə topa toxuna bilib.

Bu göstərici dünya çempionatı öncəsi Skandinaviya təmsilçisi üçün ayrıca müzakirə mövzusuna çevrilib. Çünki ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda komandaları isti hava şəraitinin gözlədiyi bildirilir.

Norveç millisinin ABŞ-dakı hazırlıq prosesi zamanı da oxşar problem yaşanıb. Komandanın məşqlərindən biri yüksək temperatur səbəbindən yarımçıq dayandırılıb. Haaland və komanda yoldaşlarının isti havaya uyğunlaşmaqda çətinlik çəkdiyi qeyd olunur.

Qeyd edək ki, Norveç dünya çempionatında ilk oyununu iyunun 16-da İraqa qarşı keçirəcək.