İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
22.07.2026 - 15:28
İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"

"Beşiktaş"ın baş məşqçisi Vinçenso İtaliano UEFA Avropa Liqasının II təsnifat mərhələsində Danimarkanın "Midtyulland" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının hələ formalaşma mərhələsində olduğunu bildirib:

"Sabah ilk rəsmi oyunumuzu keçirəcəyik. Həyəcanlıyam. Azarkeşlərimizin qarşısına çıxacağıq. Onlar da bilməlidirlər ki, bu, ilk matçımız olacaq. Üzərində işləməli olduğumuz çox məqam var. Avropa macərası çox həyəcanvericidir. Avrokuboklarda çıxış edərkən futbolun əsl simasını və fərqli oyun üslublarını görürük. Hansı turnirdə olacağımızı bilmirəm, amma Avropada yolumuza davam etmək istəyirik.

Türkiyə çempionatı çox çətin liqadır. Bütün oyunlara yüz faiz hazır olmaq lazımdır. Hazır olmasanız, işiniz çox çətin olacaq.

Daha əvvəl Türkiyə klubları ilə qarşılaşmışam. "Başakşəhər" və "Sivasspor"a qarşı oynamışıq, "Qalatasaray"la isə yoxlama görüşü keçirmişik.

Biz meydanda nə etməli olduğunu bilən və "Beşiktaş"ın kimliyini əks etdirən komanda yaratmaq istəyirik. Strategiyamızı da bunun üzərində qurmuşuq".

Qeyd edək ki, "Beşiktaş" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah Danimarka təmsilçisi "Midtyulland"ı qəbul edəcək. Tüpraş Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.