Almaniyalı mütəxəssis Yurgen Klopp 2026-cı il dünya çempionatının açılış oyununu sərt tənqid edib.
Apasport.az xəbər verir ki, sabiq “Liverpul” çalışdırıcısı Meksika - Cənubi Afrika matçından sonra Almaniyanın “MagentaTV” kanalında fikirlərini bölüşüb.
Hazırda “Red Bull”un qlobal futbol rəhbəri olan Klopp qarşılaşmanın səviyyəsindən narazı qalıb:
“Bir epizod bütün oyunu izah edir. Taktiki baxımdan çox pis matç idi. Hər iki komanda bərbad idi. 11 nəfərlə 9 nəfərə qarşı oynayırsan və yenə də əks-hücuma imkan verirsən. Niyə? Çünki müdafiə xətti çox geridə idi. Bu, bütün oyunboyu ümumi problem idi. Cənubi Afrika isə bundan ümumiyyətlə istifadə edə bilmədi”.
Klopp xüsusilə Meksika millisinin kapitanı Sezar Montesin qırmızı vərəqə aldığı epizodu qabardıb. Almaniyalı mütəxəssis həmin vəziyyətin oyundakı taktiki dağınıqlığı tam göstərdiyini bildirib.
Eyni yayımda yer alan Almaniya millisinin sabiq futbolçusu Kristof Kramer də görüşün səviyyəsindən narazı qalıb. O, matçda gərginlik və yüksək temp gözlədiyini, lakin bunun baş vermədiyini deyib:
“Daha çox mübarizə gözləyirdim. Amma oyun sanki pensiyaya çıxan futbolçuların yardım matçına oxşayırdı”.
Qeyd edək ki, dünya çempionatının açılış matçında Meksika Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub edib.
Görüşdə Cənubi Afrika millisindən Sfefelo Sitole və Temba Zvane, Meksikadan isə Sezar Montes qırmızı vərəqə alıb.