Əliyar Ağayev “Panatinaikos”un oyununu idarə edəcək
29.04.2022 - 13:11
Əliyar Ağayev “Panatinaikos”un oyununu idarə edəcək

Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı FIFA referisi Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, “Panatinaikos”la “Aris” arasında keçiriləcək çempionluq qrupu matçını idarə edəcək.

Pley-offun VI turuna təsadüf edəcək qarşılaşma mayın 1-də Afinada baş tutacaq. Əliyara bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Ehtiyat və VAR hakimləri isə yerli, eyni zamanda portuqaliyalı referilərdən ibarət olacaq.

Ağayev bununla üçüncü dəfə “Panatinaikos”un görüşündə fit çalacaq. O, 2020-ci və 2021-ci ildə bu komandanın PAOK üzərində müvafiq olaraq 2:0 və 3:0 hesablı qələbələrində ədaləti qoruyub. O, sonuncu dəfə bu ayın 3-də keçirilən “Olimpiakos” – AEK (1:1) oyununu idarə edib.

Qeyd edək ki, hazırda “Aris” 53 xalla 3-cü, “Panatinaikos” isə 51 xalla 4-cü pillədə qərarlaşır.