“Fənərbaxça”da prezidentliyə namizəd Aziz Yıldırım diqqətçəkən açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli funksioner klubun idarəçiliyi, sosial media təsiri, baş məşqçi seçimi, transfer planları və digər namizədlərin vədləri ilə bağlı danışıb.
Yıldırım “Fənərbaxça”nın düzgün idarə olunmadığını bildirərək sərt ifadələr işlədib:
“Klub çayxana mədəniyyəti ilə idarə olunmaz”.
O, qərarlarını sosial mediaya görə vermədiyini də xüsusi vurğulayıb:
“Heç vaxt sosial mediaya baxaraq hansısa qərar vermərəm. Mənim ağlım onlardan çoxdur. Aykut Kocaman gələr və ya gəlməz, bu ayrı məsələdir. Amma o, bizim dəyərimizdir”.
Aziz Yıldırım Aykut Kocamanla bağlı tənqidlərə də münasibət bildirib:
“Sosial mediada ‘Aykutu açıqlasa, seçkini uduzar’ yazırlar. Uduzsam, uduzaram. Nə olacaq ki? Bu mənim üçün önəmli deyil”.
Yıldırım Joze Mourinyo nümunəsi üzərindən də mesaj verib. Onun sözlərinə görə, böyük adlar təkbaşına uğur üçün kifayət etmir:
“Joze Mourinyo gəldi. Dünyanın ən böyük məşqçilərindən biri idi, amma alınmadı. At sahibinə görə kişnəyər. Uğuru bir illə dəyərləndirməyin”.
Yıldırım digər namizəd Hakan Safinin Merih Demiral açıqlamasına da üstüörtülü münasibət bildirib. O, reallıqdan uzaq vədlərlə hərəkət etməyin doğru olmadığını deyib:
“Adam Merihi açıqlayır, federasiya prezidenti ‘Dünya çempionatı ərəfəsi belə iş olar?’ deyir. Səudiyyə Ərəbistanı klubu ‘2029-cu ilə qədər satmayacağıq’ deyir. Bir oyunlar oynanılır, belə olmamalıdır. “Fənərbaxça” reallıqla xəyalları ayırmalıdır. Reallıqlarla yaşamaq lazımdır. Mən də bir televiziya proqramında ‘Mbappeni alıram’ dedim. Belə xəyallar quracağıqsa, reallıqları görə bilmərik”.
Yıldırım transfer məsələsində iddialı danışıb. O, komandanın hücum xəttini gücləndirəcəklərini bildirib və iki hücumçu transferi planlaşdırdıqlarını deyib.
Stadionla bağlı da danışan Aziz Yıldırım “Fənərbaxça” azarkeşlərinə yenilənmiş stadionda kubok qaldırmaq mesajı verib:
“64 min nəfərin qarşısında kuboku qaldıracağıq”.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.