“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində künc zərbəsindən ən çox istifadə edən komanda olub.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın bu turnirdəki təmsilçisi korner sayında hamını qabaqlayıb.
Qurban Qurbanovun yetirmələri 6 matçda ümumilikdə 47 dəfə künc nöqtəsindən topu oyuna daxil edib. Ağdamlıları 46 kornerlə “Vitess” izləyib. Sofiya MOİK-i isə 42 dəfə belə vəziyyət əldə edib.
“Qarabağ” eyni zamanda kobudluğa ən çox məruz qalan 6-cı komanda olub. Təmsilçimiz 79 dəfə cərimə zərbəsi vurmaq hüququ qazanıb. Turnirin ən intizamlı komandaları arasında yer alan “Qarabağ” ümumilikdə 9 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Ağdamlılar ən az sarıya “qonaq olan” komandaların sıralamasında yalnız “Randers” və “Gent”dən geri qalır. Adıçəkilən klubların 7 oyunçusu sarı vərəqə alıb.
Qeyd edək ki, son turda səfərdə “Bazel”ə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” H qrupunda 11 xalla ikinci yeri tutaraq, pley-offda iştirak hüququ əldə edib.