Popoviçdən Türkiyə sözləri - “Qələbə bizim üçün sürpriz olmadı”
14.06.2026 - 12:37
Popoviçdən Türkiyə sözləri - “Qələbə bizim üçün sürpriz olmadı”

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-nın qrup mərhələsində Türkiyəyə qalib gəldikləri oyunu şərh edib.

Apasport.az xəbər verir ki, mütəxəssis 2:0 hesablı qələbənin onlar üçün gözlənilməz olmadığını bildirib.

Popoviç komandasının yaxşı oyun göstərdiyini deyib:

“Bir çoxları bu nəticəyə görə şoka düşə bilər bilər. Amma bizim və futbolçularımız üçün sürpriz olmadı. Yaxşı çıxış etmək üçün formalaşdırdığımız komandamız var. Əlbəttə, nəticəni əvvəlcədən bilmək olmur. Amma bu oyun bizi razı saldı. Belə matçda qalib gəlmək üçün çox çalışmalısan. Bəlkə daha çox qol vura bilərdik. Bu qələbə bizə böyük inam verdi". 

Avstraliyalı mütəxəssis Türkiyə millisinin güclü tərəflərinə də toxunub:

“Türklərin komandası ilə bağlı nə bilirdiksə, meydanda da onu gördük. Çox istedadlı futbolçuları var. Bütün matç ərzində təhlükə yaratdılar. Onlara qarşı yaxşı müdafiə olunmalı idik. Eyni zamanda müəyyən zonalarda onları sıxışdıra biləcəyimizi hiss edirdik və bunu bacardıq”.

Popoviç start heyətində etdiyi dəyişikliklərdən də danışıb. O, kapitan Metyu Rayanın əvəzinə qapıda Patrik Biçə şans verməsinin kənardan sürpriz görünə biləcəyini bildirib:

“Bu qərarlar çoxları üçün sürpriz ola bilər. Amma komandanın içində bizim üçün sürpriz deyil. Hər gün birlikdə işləyirik və bu gənc futbolçuların keyfiyyətini görürük. Mənim üçün əsas nəticə yox, performansdır. Nəticədən asılı olmayaraq, bu qərarın doğru olduğunu düşünürdüm”.

Baş məşqçi gənc futbolçuların potensialının hələ tam açılmadığını vurğulayıb:

“Onların piki hələ çox uzaqdadır. Çünki gənc komandadır, Dünya Kuboku təcrübələri yoxdur, millidə də çox az oynayıblar. Bu futbolçuların ən yaxşı səviyyəsinə 4 və ya 8 ildən sonra çatacağını düşünürəm”.

Popoviç qələbədən sonra Avstraliyaya münasibətin dəyişib-dəyişməyəcəyi barədə də danışıb:

“Bunu bilmirəm və açığı, çox da maraqlanmıram. Bəlkə Türkiyə kimi böyük futbol ölkəsini məğlub etdiyimiz üçün baxış bir az dəyişər. Amma hələ görüləcək çox işimiz var. İndi ABŞ-la oyuna köklənməliyik”.

Qeyd edək ki, Avstraliya D qrupunun növbəti turunda ABŞ-la qarşılaşacaq. Görüş iyunun 19-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.