"Real"dan FIFA qərarına dəstək – "Futbol satıla bilməz"
02.08.2026 - 22:20
"Real"dan FIFA qərarına dəstək – "Futbol satıla bilməz"

İspaniyanın "Real Madrid" klubu FIFA-nın turnirlərin kommersiya hüquqlarının qismən satışını nəzərdə tutan layihədən imtina etməsini alqışlayıb.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi yaydığı rəsmi bəyanatda bu qərarın futbol, onun institutları və milyonlarla azarkeş üçün müsbət addım olduğunu bildirib.

Klub layihəyə qarşı çıxan UEFA-ya, konfederasiyalara, milli assosiasiyalara və digər qurumlara təşəkkür edib:

"Onların birliyi və məsuliyyətli mövqeyi həlledici anda futbolu qorudu".

"Real Madrid" milli komandaların uğurlarının təməlində məhz klubların dayandığını vurğulayıb:

"Klublar futbolçuları kəşf edir, yetişdirir və milli komandalara qazandırırlar. Dünya çempionatı və milli komandaların oyunları ictimai dəyərə malikdir, onlar bir neçə nəfərin kommersiya maraqları naminə maliyyə aktivinə çevrilməməlidir".

Bəyanatda gələcək kommersiya gəlirlərinin satışına da etiraz ifadə olunub:

"Klubların bütün riskləri daşıdığı halda, gələcək gəlirlərin başqalarına satılması qəbuledilməzdir və bir daha gündəmə gətirilməməlidir".

Qeyd edək ki, "Real Madrid" daha əvvəl də La Liqanın CVC investisiya fondu ilə bağladığı müqaviləyə qoşulmamış və televiziya gəlirlərinin 50 il müddətinə girov qoyulmasına qarşı çıxmışdı. Madrid klubu FIFA-nın ləğv etdiyi layihə ilə həmin model arasında oxşarlıq olduğunu bildirib.