Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
04.06.2026 - 21:01
Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”

“Beşiktaş”ın baş məşqçi axtarışlarında adı hallanan Şenol Güneş gələcəyi ilə bağlı danışıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə “Sabah”a açıqlama verib.

Güneş adının “Beşiktaş” azarkeşləri və camiə daxilində çəkilməsinin başadüşülən olduğunu bildirib. Lakin hazırda şəxsi gözləntisinin olmadığını vurğulayıb:

“Bəli, mənim adım azarkeşlər və klubdakı bəzi rəsmilər arasında hallanır. Amma heç bir gözləntim yoxdur. Çünki nüfuzumun zədələnməsinə icazə verə bilmərəm”.

Təcrübəli çalışdırıcı “Beşiktaş” rəhbərliyinin lazımi addımları atacağına inandığını deyib:

“Beşiktaş”ın məsul şəxsləri lazım olanı edəcək. Baş məşqçi də tapacaqlar. Sevilən və istənilən biri olmaq mənə səhv etmək haqqı vermir. Mən bu sevgini itirmək istəmirəm”.

Şenol Güneş özü üçün sevgi və hörmətin vəzifədən daha önəmli olduğunu da bildirib:

“Həmişə demişəm ki, sevmək və sevilmək vəzifə almaqdan daha önəmlidir. Eyni fikirdəyəm. Əgər çalışacağım yerdə sevgi və hörmət itəcəksə, heç bir yerdə vəzifə almaq istəmərəm. Sevməyi də, sevilməyi də bilirəm”.

Güneş hazırda ortada konkret bir proses olmadığını əlavə edib:

“Olmayan bir işi danışmaq da doğru deyil. Sənədli film işim var, onunla məşğulam”.

Qeyd edək ki, mövsümün sonunda Sergen Yalçınla yollarını ayıran “Beşiktaş” hələ də yeni baş məşqçi axtarışlarını davam etdirir.