“Fənərbaxça” Türkiyə Superkubokunun finalında “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək kubokun sahibi olub.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
“Çox, çox xoşbəxtəm. Komanda olaraq gündən-günə böyüyür və irəliləyirik. Qazandığımız bu kubok oyunçularıma və klubumuzun azarkeşlərinə aiddir. Çünki meydanda can qoyan onlardır. Bu komandanın baş məşqçisi olmaq mənim üçün böyük qürurdur.
İlk gəldiyim gündən demişdim ki, oyunçuların qələbələrə və özünəinam qazanmağa ehtiyacı var. İlk hissədə yaxşı oyun nümayiş etdirdik, təsirli performans sərgilədiyimizi düşünürəm. Kubokla yanaşı bu da mənim üçün çox önəmlidir. 3-4 qol da vura bilərdik. Bu amil də məni sevindirir".