“Xəzər Lənkəran”ın Topaz Premyer Liqasındakı qol həsrəti sona çatıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən XXVII turun “Sumqayıt”la səfər oyununun 47-ci dəqiqəsində penaltidən fərqlənən Zaman Mirzəzadə uğursuz seriyanı qırıb.
Belə ki, cənublular ardıcıl 15 tur qol vurmadıqdan sonra rəqib qapısına yol tapıblar. “Xəzər Lənkəran” sonuncu dəfə 149 gün əvvəl qol sevinci yaşamışdı.
2015-ci il noyabrın 2-də səfərdə “Rəvan”a 1:0 hesabı ilə qalib gələn Lənkəran təmsilçisi Elnur Cəfərovun qolu ilə 3 xal qazanmışdı. 80-ci dəqiqədə vurulan həmin qoldan sonra “Xəzər Lənkəran” 15 matç qol, eyni zamanda qələbə sevinci yaşamamışdı. Cənublular kubokda qol vursalar da, çempionatdakı həsrətə bu gün son qoyublar. Əyalət klubu 1407 dəqiqəlik qolsuzluğu dayandırıb.