Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Düdelanj” matçı ikiqat yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Azərbaycan çempionu Lüksemburq təmsilçisini məğlub etməlidi.
Bu baş versə, Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan azarkeşlər tarixi qələbənin şahidi olacaq.
Məsələ ondadı ki, Ağdam klubu indiyədək avrokuboklarda 24 qələbə qazanıb. “Düdelanj” üzərində uğur isə sayca 25-ci olacaq. Bu göstəricidə mütləq Azərbaycan rekordçusu qalib gəlməyi bacarsa, qələbə və məğlubiyyətlərin tarazlığına da sevinəcək. Çünki təmsilçimizin hesabında 25 məğlubiyyət var.
Qazanılacaq qələbə həm də Çempionlar Liqası tarixində Azərbaycan klublarının 15-ci zəfəri olacaq. Qitənin ən nüfuzlu klub turnirində 50 matça çıxan klublarımız indiyədək 14 dəfə qalib gəlib. Təmsilçilərimizin hesabında 13 heç-heçə və 23 məğlubiyyət də var.