[b]مرة أخرى، قطر[/b]
30.01.2017 - 00:01
[b]مرة أخرى، قطر[/b]

Azərbaycan millisi 2017-ci ildə ilk görüşünü Qətərə qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, martın 9-da baş tutacaq oyun Asiya təmsilçisi ilə ikinci duelimiz olacaq.

 

Komandamız bu rəqiblə ilk dəfə 4 il öncə qarşılaşıb. DÇ-2014-ün Portuqaliya ilə Bakıdakı seçmə matçından sonra yığmamız 0:2 hesablı məğlubiyyəti unutmaq üçün Ərəbistan yarımadasına yollanmışdı.

 

Almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Dohadakı yoxlama oyununa 2013-cü il mayın 29-da çıxıb. 1380 gündən sonra Qətər paytaxtında meydana çıxacaq komandamız bu dəfə qalib gəlməyə çalışacaq.

 

4 il öncə isə millimiz 1:1 hesablı bərabərliyə razılaşmışdı. 6408 tamaşaçının toplaşdığı “Yassim bin Hamad” stadionundakı qarşılaşmanı liviyalı Tamuni Salah Vahid idarə etmişdi.

 

Rasim Ramaldanovun sarı vərəqə ilə cəzalandığı görüşdə meydan sahibləri 33-cü dəqiqədə penaltidən hesabı açmışdı. Khalfan İbrahim Al-Khalfanın qoluna millimiz yalnız 89-cu dəqiqədə cavab vermişdi. Rüfət Dadaşov hesabda tarazlıq yaratmışdı. Bu qol onun millimizdəki ilk topu idi. 4 il sonrakı matç isə onun qardaşı Renatın yığmamızdakı debütü ilə əlamətdar ola bilər.

 

Millimiz Dohadakı ilk sınağını bu heyətlə keçirib: Kamran Ağayev, Rasim Ramaldanov, Branimir Subaşiç (Vaqif Cavadov, 46), Əli Gökdemir (Elvin Məmmədov, 46), Ruslan Abışov (k), Maksim Medvedev (Cavid Hüseynov, 46), Vladimir Levin, Əfran İsmayılov (Bədavi Hüseynov, 46), Arif İsayev (Rəşad Sadıqov, 46), Qara Qarayev, Rüfət Dadaşov.

 

Yığmamızın 67 rəqibindən biri olan Qətər millisinin gücünə gəlincə, asiyalılar FİFA reytinqinə əsasən komandamızdan ciddi fərqlənmir. Yanvarın 12-də açıqlanan son siyahıda onlar planetin 85-ci yığması olub. Millimiz isə həmin cədvəldə 90-cı olub. Amma qətərlilər 1993-cü ilin avqust və oktyabrında yüksəldiyi 51-ci yerlə öyünə bilər. Asiyalıların ən zəif dövrü isə 2010-cu ilin noyabrında olub – 113-cü pillə.

 

İlk rəsmi matçını 1970-ci ildə keçirən Qətər 47 illik tarixində Butan üzərində 15:0 hesablı qələbəyə (2015-ci il) sevinsə də, Küveytdən alınan 9 cavabsız qola (1973-cü il) xəcalət çəkib.

 

Asiya çempionatının final mərhələsinə 9 dəfə yüksələn rəqibimizin ən yaxşı nailiyyəti 1/4 finaldı. 2000 və 2011-ci illərdə buna imza atan Qətər növbəti uğurunun həsrətindədi.

 

Tarixi boyu DÇ-nin final mərhələsinə yüksələ bilməyən yığma 2022-ci ildə mundialın iştirakçısı olacaq. Rəqibimiz bunu meydan sahibi kimi gerçəkləşdirəcək. Çünki asiyalılar 5 ildən sonra DÇ-yə ev sahibliyi edəcək.

 

Qətər millisi digər kiçik miqyaslı turnirlərdə qalib adına yiyələnməyi bacarıb. Rəqibimiz 2006-cı ildə Asiya Oyunları, 2014-cü ildə Qərbi Asiya çempionatı, 1992, 2004 və 2014-cü illərdə Körfəz kubokunun qalibi olub.