[b] “Həmin klublar mənə görə istənilən məbləği ödəyəcək durumdadı” - MÜSAHİBƏ[/b]
26.01.2016 - 17:31
[b] “Həmin klublar mənə görə istənilən məbləği ödəyəcək durumdadı” - MÜSAHİBƏ[/b]

“Antalya Cup” turnirində keçirdiyi 3 oyunun hamısını qələbə ilə başa vuran 21 yaşadək  futbolçulardan ibarət yığmamızın üzvü Elnur Cəfərovun apasport.az saytına müsahibəsi

 

- Turnirdə keçirdiyiniz 3 oyunun hamısını qələbə ilə başa vurdunuz. Matçlarla və hazırlıq prosesi ilə bağlı nə deyə bilərsiz?

- Bütün futbolçular öz klublarından hazır gəlmişdilər. Çünki burda elə də çox vaxtımız yox idi. Keçirdiyimiz oyunlarda bunun bəhrəsini gördük. Hər 3 matçda yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq.

 

- Komandanızın oyun sistemi ilə bağlı nə deyə bilərsiz?

- Baş məşqçi uğurlu taktiki sxem seçib. 5 müdafiəçi ilə oynayırıq. Bu sistem həm Rusiya, həm də Almaniya ilə matçda köməyimizə çatdı. Ancaq bununla kifayətlənmək olmaz.

 

- Qarşıdan Bəhreynlə görüş gəlir. Qapını “bərk çırpmaq” mümkün olacaq?

- İlk gündən məqsədimiz budu. Ağır oyunlarda qələbələr qazandıq. Qalib gəldiyimiz komandalardan ikisi Avropa təmsilçisidi. Üç uğurlu oyundan sonra büdrəmək istəmirik. Buna görə də, Antalyanı qalib kimi tərk etməyi düşünürük.

 

- Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martda Rusiya ilə qarşılaşacaqsız. Böyükhesablı qələbənin davamını gətirmək olacaqmı?

- Həmin oyuna 2 ay var. Əlbəttə, onları yenə böyük hesabla məğlub etmək çətin olacaq. Rusiya bu görüşə prinsipial yanaşacaq, hirsli olacaq. Bu cür davam etsək, onlara yenə qalib gələ bilərik. Uşaqlar yaxşı hazırlaşıblar. Düzdü, çempionatın səviyyəsi bir qədər aşağı düşüb. Amma gənclər oynamaq üçün kifayət qədər şans qazanıblar.

 

- Bayaq klublardakı hazırlıq prosesindən danışdız. Məlum səbəblərdən “Xəzər Lənkəran” normal hazırlıq prosesi keçə bilmədi. Bu sizin oyununuza təsir edirmi?

- Demək olar, kollektiv məşqlərə qatılmamışdım. “Xəzər Lənkəran”ın heyətində cəmi bir gün hazırlıq prosesinə qatıldım və 2 məşq keçdik. Atam məni hər səhər dəniz kənarına aparırdı və fiziki hazırlıq keçirdim. Nə etmişəm, fərdi hazırlıq hesabına etmişəm.

 

- “Xəzər Lənkəran”da vəziyyət necədi?

- 1997/99-cu il təvəllüdlü uşaqlar yığılıb. Komandanın ümidi ölkə kubokunu qazanmağa idi. Amma yaxşı transferlər olmadığına görə, bu cəbhədə də uğur qazanmaq mümkün olmayacaq.

 

- “Xəzər Lənkəran”dakı aqibətinizə aydınlıq gətirilibmi?

- Klub rəhbərliyi məni transferə çıxarıb. Təkliflər var, amma düzgün seçim etmək istəyirəm. Çünki həmin klublar mənə görə istənilən məbləği ödəyəcək durumdadı. Ölkə xaricinə də çıxmağı düşünürəm. Əgər legioner həyatı yaşamaq haqda qərar versəm, klubum məni pulsuz buraxmalıdı. Fikrim Azərbaycandan kənara çıxmaqdı.