“Komandamız seçmə mərhələdə çox uğurla davam edir. Amma bu tempdə də davam etmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının sabiq qapıçısı Pat Yenninqs deyib.
72 yaşlı mütəxəssis Şimali İrlandiyanın DÇ-2018-in seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Böyük Britaniya təmsilçisinin ötən ilin noyabrında Azərbaycan millisi ilə (4:0) keçirdiyi matçı xatırlayan “Arsenal”ın keçmiş (1977-1985) qolkiperi Maykl Onilin yetirmələrini qrup ikinciliyinə əsas namizəd hesab edir.
O bildirib ki, Şimali İrlandiya martın 26-da Norveçlə ev matçından da qalibiyyətlə ayrılmalıdı: “Millimizin seçmə mərhələdə Azərbaycana qarşı keçirdiyi son oyun gələcəyə ümidlə baxmağa imkan verir. Ancaq hesab edirəm ki, komandamız daha güclü çıxış etmək iqtidarındadı. Maykl Onil öz işini əla görür. O, çox gözəl bilir ki, əlindəki heyətlə qrup ikinciliyini asanlıqla tuta bilər. Növbəti rəqibimiz Norveç çətin komandadı. Ancaq bizdə özünəinam yüksək səviyyədədi. Norveçi burdan əliboş yola salacağımıza şübhəm yoxdu”.
Qeyd edək ki, C qrupunda mübarizə aparan Şimali İrlandiya yığması 4 turdan sonra aktivindəki 7 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Eyni sayda xal toplayan Azərbaycan millisi isə 3-cü yerdə gedir.