DÇ-2018-in seçmə mərhələsində milli komandamız Almaniya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, görüşə maraq olduqca böyükdür.
Matç ətrafında yayılan əsas söz-söhbətlərdən biri də bəzi azərbaycanlı azarkeşlərin qonaq komandanı dəstəkləməsidir. Belə ki, bundestimin ölkəmizdəki fan-klubu 20-ə qədər yerli azarkeşi biletlə təmin edib və həmin tərəfdarlar görüşü alman azarkeşlərlə birlikdə izləyəcəklər.
Bu məsələ ilə bağlı yığmamızın hücumçusu Ramil Şeydayev də açıqlama verib. AFFA-nın feysbuk səhifəsi futbolçunun fikirlərini yayıb: “Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm”.
Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü bu gün saat 20:00-da start götürəcək.