Sabah bütün dünyanın gözü İspaniyaya yönələcək. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər “Barselona” ilə “Real” La Liqanın XXXI turunda üz-üzə gələcəklər.
Doğrudu, sona 8 tur qalmış kataloniyalılar Madrid təmsilçisini 10 xal qabaqlayırlar. Lakin bu amil də “El Klasiko”ya kölgə salmayıb.
Bu, komandalar arasında La Liqada 172-ci görüş olacaq. İndiyə qədər baş tutan 171 matçın 71-də “Real”, 68-də “Barselona” qalib gəlibsə, 32 oyun “sülh”lə nəticələnib. “Kral klubu”nun 278 qoluna kataloniyalılar 272 topla cavab veriblər. Ümumilikdə isə tərəflər tarixləri ərzində yoxlama görüşləri də daxil olmaqla, bütün turnirlərdə 230 dəfə münasibətlərinə aydınlıq gətiriblər. Bu siyahıda da “Real” üstünlüyə malikdi: 92 qələbə, 48 heç-heçə, 90 məğlubiyyət (top fərqi – 388:375).
Bu komandalar arasında transfer danışığı daim qəbulounmaz hesab edilib. Elə bu üzdəndi ki, bir komandadan digərinə üz tutan futbolçular orda böyük təzyiqlə qarşılaşıblar.
114 ildi davam edən rəqabətdə “Barselona”dan “Real”a 17 oyunçu yollanıb. 4 nəfər Kataloniya klubundan başqa komandaya, ordan Madrid təmsilçisinə keçib. “Real”ı “Barselona”ya dəyişən futbolçu sayı isə cəmi 3 nəfər olub. 9 nəfər də “Real”dan bir başqa kluba, ordan “Barselona”ya yollanıb.
“El Klasiko”larda hər iki komandanın formasını geyinmiş sonuncu oyunçu Xavyer Saviola olub. Hazırda “Barselona”nı çalışdıran Luis Enrike futbolçu ikən bu komandaya məhz “kral klubu”ndan keçib.
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də həm “Real”, həm də “Barselona”nın futbolçusu kimi “El Klasiko”da meydana çıxıb. Xorvatiyalı mütəxəssis 1991-1994-cü illərdə “Real”ın, birillik “Ovyedo” macərasından sonra isə 1995-1996 mövsümündə “Barselona”nın formasını geyinib.
Hər iki klubda oynamış futbolçular:
1. Alfonso Albeniz: “Barselona” (1901-1902) – “Real” (1902-?)
2. Lusiano Lizarraqa: “Real” (?) - “Barselona” (1905-?)
3. Çarles Uolles: “Barselona” (?) - “Real” (1906-?)
4. Xose Quirante: “Barselona” (1901-1909), (1910-1912) – “Real” (1906-1908)
5. Alfonso Albeniz: “Barselona” (?) – “Real” (1911-?)
6. Arsenio Komamala: “Barselona” (1903-1911) – “Real” (1911-1913)
7. Uolter Rositski: “Barselona” (1911-1913) – “Real” (1913-1915)
8. Rikardo Zamora: “Barselona (1919-1922) – “Espanyol” (1922-1930) – “Real” (1930-1936)
9. Xosep Samitier: “Barselona” (1919-1932) – “Real” (1932-1934)
10. Hilario: “Real” (1931-1936) – “Valensiya” (1936-1939) – “Barselona” (1939-1940)
11. Alfonso Navarro: “Barselona” (1946-1950), (1954-1956) – “Real” (1950-1951)
12. Justo Teyada: “Barselona” (1952-1961) – “Real” (1961-1963)
13. Xesus Mariya Pereda: “Real” (1958-1959) – “Sevilya” (1959-1961) – “Barselona” (1961-1969)
14. Evaristo de Makedo: “Barselona” (1957-1962) – “Real” (1962-1965)
15. Fernand Qoyvarts: “Barselona” (1962-1965) – “Real” (1965-1967)
16. Lusyen Müller: “Real” (1962-1965) – “Barselona” (1965-1968)
17. Lorenzo Amador: “Real” (1976-1978) – “Herkules” (1978-1980) – “Barselona” (1980-1986)
18. Bernd Şuster: “Barselona” (1980-1988) – “Real” (1988-1990)
19. Luis Milla: “Barselona” (1984-1990) – “Real” (1990-1997)
20. George Haci: “Real” (1990-1992) – “Breşiya” (1992-1994) – “Barselona” (1994-1996)
21. Fernando "Nando" Munyoz: “Barselona” (1990-1992) – “Real” (1992-1996)
22. Julen Lopetegi: “Real” (1988-1991) – “Loqrones” (1991-1994) – “Barselona” (1994-1997)
23. Mixael Laudrup: “Barselona” (1989-1994) – “Real” (1994-1996)
24. Robert Prosineçki: “Real” (1991-1994) – “Ovyedo” (1994-1995) – “Barselona” (1995-1996)
25. Migel Soler: “Barselona” (1992-1993) – “Sevilya” (1993-1995) – “Real” (1995-1996)
26. Luis Enrike: “Real” (1991–1996) – “Barselona” (1996-2004)
27. Daniel Qarsiya Lara: “Real” (1994–1998) – Malyorka” (1998–1999) – “Barselona” (1999–2003)
28. Luiş Fiqu: “Barselona” (1995–2000) – “Real” (2000–2005)
29. Albert Selades: “Barselona” (1995–1999) – “Selta” (1999–2000) – “Real” (2000–2005)
30. Alfonso Peres: “Real” (1991–1995) – “Betis” (1995–2000) – “Barselona” (2000–2002)
31. Ronaldo: “Barselona” (1996–1997) – “İnter” (1997–2002) – “Real” (2002–2007)
32. Samuel Eto'O: “Real” (1997-2000) – “Malyorka” (2000-2004) – “Barselona” (2004-2009)
33. Xavyer Saviola: “Barselona” (2001-2007) – “Real” (2007-2009).
Qeyd edək ki, sabah keçiriləcək “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.