“Filippin də özünə görə bir komandadır” - MÜSAHİBƏ
04.03.2014 - 15:35
“Filippin də özünə görə bir komandadır” - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının sabiq baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Milli komandadan ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- U-19-dan ayrılandan sonra təklif etmişdim ki, AFFA tərəfindən U-20 yığması yaradılsın və orada çalışım. Lakin hələlik bu məsələ ilə bağlı yenilik yoxdur.

- Ancaq məşqçi kurslarında seminar keçirsiniz...
- Mən AFFA-nın əməkdaşıyam. Bu sahədə işimi davam etdirirəm. Sadəcə olaraq, milli komanda ilə müqaviləmin müddəti başa çatdı.

- Siz də xaricdə işləməyə can atmırsınız? Yoxsa problem real təklifin olmamağıdır?
- Xaricilər bur gəlir, biz hara gedək? (gülür) Bilirsiniz, öncə futbolçu kimi yetişdiyim ölkədə bacarığımızı nümayiş etdirməliyik. Belə deyək, hansısa nəticələrimiz olsa da, özümüzü tam təsdiq etməmişik.

- Yeri gəlmişkən, “Neftçi” uzun fasilədən sonra sizin rəhbərliyin altına çempion oldu və növbəti 2 mövsümü də zirvədə tamamladı. Lakin deyəsən, artıq titul əldən gedir. Siz necə düşünürsünüz?
- “Neftçi” həmişə çətin vəziyyətdən çıxmağı bacarıbdı. İnanıram ki, bu dəfə də toparlanacaqlar.

- Bəs, “Qarabağ”ın çempionluq yarışına favorit olması fikri ilə razısınız?
- Sonucu turda “Qarabağ”la “Neftçi”nin görüşündən çox şey asılı idi. Sabiq komandam qalib gəlsəydi, lideri sıxışdıracaqdı. Düşünürəm ki, çempionluq yarışmasında Ağdam klubu üçün real rəqib “Neftçi”dir. Sadəcə, olaraq heyətlə bağlı müəyyən problemlər yaşadılar. Komandanın bir sıra aparıcı futbolçuları cəzalanmasaydılar arada 10 xallıq fərq olmazdı. “Qarabağ”ın çempionluq şansı 70 faizdir.

- “Qəbələ”ni bu yarışda görmürsünüz?
- “Qəbələ” yaxşı komandadır, lakin lazımsız xallar itirdilər. Stabil oyun nümayiş etdirə bilməməkləri onları hədəflərindən uzaq salır. Məncə, “Bakı”nın çempionluq yarışına qoşulmaq imkanı var.

- Çempionatla bağlı düşüncələrinizi öyrəndik. Bəs, milli komandamızın sabah Filippinə qarşı keçirəcəyi yoldaşlıq matçı barədə nə deyə bilərsiniz?
- Hər bir yoldaşlıq görüşünün bir məqsədi var. Berti Foqts daha çox yeni oyunçuları sınamağa üstünlük verir. Ona görə də, burada rəqibin zəif və ya güclü olması üzərində çox dayanmağa gərək yoxdur. Filippin də özünə görə bir komandadır.

- Ancaq milli komandamız AVRO-2016-nın seçmə mərhələsində daha güclü rəqiblərə qarşı oynayacaq...
- Filippini zəif saydığımız kimi, italiyalılar və ya xorvatlar da biz o gözlə baxırlar. Ancaq unutmayaq ki, artıq zəif rəqib qalmayıb, hər yerdə futbol oynamağı bacarırlar. Hesab edirəm ki, 4-cü pillə uğrunda mübarizədən qalib ayrıla bilərik. “Üçlüy”ə düşsək, isə bu, fantastik nəticə olar.
 

0