[b]“Fiorentina” hansı taktika ilə oynayacaq? [/b]
07.12.2016 - 12:21
[b]“Fiorentina” hansı taktika ilə oynayacaq? [/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində son turda “Qarabağ”ın qonağı olacaq “Fiorentina”nın təxmini “11-liy”i müəyyənləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Florensiya klubunun baş məşqçisi Paulo Souza heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

 

Həmkarlarımız portuqaliyalı mütəxəssisin qarşılaşmada hansı taktiki sxemdən yararlanacağını proqnozlaşdırmaqda çətinlik çəkiblər. Çünki “Fiorentina” bu mövsüm gah 4-4-2, gah 4-5-1, gah 3-5-2, gah da 3-6-1 taktikası ilə meydana çıxır. Souza A seriyasında daha çox son iki sxemə güvənir. Lakin Avropa Liqasında əsasən ilk iki taktikaya üstünlük verir.

 

Sabahkı matçda çərçivə əsas qapıçı Çiprian Tataruşanuya etibar ediləcək.

 

A seriyasında “Sassuolo” ilə oyunöncəsi cəzalı duruma düşən Nenad Tomoviçlə eyni səbəbdən çempionatın son matçını buraxan Qonzalo Rodrigesin müdafiənin mərkəzində yer alması gözlənilir. Onlarla birlikdə Maksimiliano Oliveyra və Hrovye Miliç də qapının toxunulmazlığını qorumağa çalışacaqlar. Adətən, komanda 4 müdafiəçi ilə oynayanda Tomoviç müdafiənin sağında, 3 müdafiəçili sistemdə isə mərkəzində çıxış edir.

 

Paulo Souza yarımmüdafiə xəttində də quracağı taktikaya görə seçim aparacaq. İtaliya KİV-i hazırkı vəziyyətdə Milan Badelj, Karlos Sançes, Borxa Valero və Matias Vesinonun yarımmüdafiədə yer alacaqlarını yazıb. Lakin baş məşqçi “3-lü” müdafiəyə güvənsə, o zaman Sebastian Kristoforonu sağ cinahda oynadacaq, adları sadalanan orta sahə oyunçularından biri ixtisara düşəcək.

 

“Fiorentina”nın sabah 2 hücumçu ilə qol axtarışında olması ehtimal edilir. Belə ki, Paulo Souza ön xətdə gənc Kuma Babakar və bu mövsüm ehtiyata məhkum olan Mauro Zarateyə güvənməyi düşünür.

 

Təcrübəli mütəxəssis komandasının növbəti mərhələyə vəsiqə qazanacağına şübhə etmədiyindən, bir neçə əsas heyət üzvünü çempionat matçına saxlayacaq. Belə ki, Bakıya gələn heyətdə yer alacaq Davide Astori, Karlos Salsedo, Federiko Bernardeski, Kristian Telyo və Nikola Kaliniçin görüşə ehtiyatdan başlamaları gözlənilir.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.