“Hakimlər bizi batırırlar, çempionatdan çıxırıq”
05.12.2016 - 15:08
“Hakimlər bizi batırırlar, çempionatdan çıxırıq”

Azərbaycan futbolundakı hakim səhvləri və bu üzdən yaşanan qalmaqallar heç vaxt səngiməyib. Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Qəbələ” qarşılaşmasındakı biabırçılıqlar isə hələ də unudulmayıb. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərinin ədalətsiz qərarlarından əziyyət çəkən tək “Qəbələ” deyil.

 

Belə ki, hakimlərimizin idarəçiliyinin Afrika versiyası daha ağır nəticə verib. Misir çempionatında üzləşdiyi haqsızlıqlar ölkənin iki ən köklü klubundan biri “Zamalek”ə sərt addımlar atmaq məcburiyyətində qoyub.

 

Ötən mövsümün gedişində də çempionatdan çıxmağa qərar verən, sonra federasiyanın xahişi ilə mübarizəni davam etdirən klub bu dəfə yarışla vidalaşmaqda israrlıdı. Bunu klubun prezidenti Mortad Mənsur açıqlayıb.

 

O bildirib ki, artıq növbəti turda “Zamalek” olmayacaq: “Son oyunumuzun hakimi İbrahim Nur Əl Din fırıldaqçıdı. Hakimlər bizi batırırlar, biz çempionatdan çıxırıq. Mən zarafat etmirəm. Direktorlar Şurasının bütün üzvləri belə istəyir. Növbəti turda komanda meydana çıxsa, mən istefa verəcəm”.

 

Qeyd edək ki, “Zamalek” hazırda ölkə çempionatının 6-cı pilləsindədi.