“Heç-heçəyə görə mükafat vəd edilməmişdi, amma...”
10.04.2015 - 15:17
“Heç-heçəyə görə mükafat vəd edilməmişdi, amma...”

Topaz Premyer Liqasının XXIX turunda “Neftçi” ilə əzmkar heç-heçə (2:2) edən “Xəzər Lənkəran”ın futbolçulara pul mükafatının verilib-verilməyəcəyi müzakirə mövzusudu. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi hələlik nə edəcəyini müəyyənləşdirməyib.

 

Məsələ ilə bağlı əməkdaşımızla danışan “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunları deyib: “Oyundan öncə qələbəyə görə “premiya” vəd edilmişdi. Heç-heçəyə görə mükafat isə nəzərdə tutulmamışdı. Futbolçularımız sağ olsunlar, sona qədər mübarizə apardılar. Onların göstərdiyi əzmkar oyun hamının xoşuna gəldi. Ola bilsin, rəhbərlik bunu nəzərə alsın, mükafat versin. Amma yenə deyirəm, matçdan öncə heç-heçəyə görə “premiya” vəd edilməmişdi”.

 

Klub rəsmisi “Neftçi” ilə oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Alfred Sanko ilə bağlı qərarın da hələlik verilmədiyini bildirib: “Sankonu meydandan qovduğuna görə hakimə irad tuta bilmərik. Çünki hər iki sarı vərəqə haqlı verilmişdi. Sankonun bu cür vacib oyunda komandanı azlıqda qoyması məsələsi hazırda müzakirə edilir. Onun klub tərəfindən cəzalandırılıb-cəzalandırılmayacağına isə qərar verilməyib”.