Dünən “Kəpəz”in əsas komandasının məşqçisi Füzuli Allahverdiyevin doğum günü idi. Apasport.az saytının məlumatına görə, vaxtilə futbolçu kimi də bu komandanın şərəfini qorumuş Allahverdiyevin 53 yaşı tamam olub. Bu münasibətlə o, klubun rəsmi saytına müsahibə verib.
- Füzuli müəllim, sizi təbrik edirik...
- Sag olun, onu deyim ki, bir qayda olaraq bizim evdə eyni vaxtda üç bayramın sevinci yaşanır. Çünki həm Həmrəylik Günü, həm Yeni il, həm də ad günüm qeyd olunur (gülür). Hər ilin bu vaxtı bizdə bayram üçqat qeyd edilir. Əvvəllər Həmrəylik Günü yox idi, ona görə sevincimiz ikiqat idi, amma indi evimizdə üçqat bayramdı. Ümumiyyətlə, Allahverdiyevlər üçün yanvar ayı xüsusi aydı. İki qardaşım və öz övladım da yanvarda doğulub. Biz yanvara ad günləri ayı kimi baxırıq.
- Doğum gününüz elə bir vaxta düşüb ki, istər-istəməz təmtəraqla qeyd etməlisiz...
- Düzdü, bayramlar üst-üstə düşdüyündən təmtəraqlı alınır. Mən ad günümü təmtəraqlı şəkildə qeyd etməyi xoşlamıram. Amma istənilən halda belə alınır. Bayrama görə evə gələn-gedən olur. Qohumlar, yaxınlar bilirlər deyə bizə gəlirlər. Hamı üçün unudulmaz gündü. Hərdən zarafatla deyirəm ki, mənim ad günümü bütün dünya qeyd edir. Onu da əlavə edim ki, heç 50 illik yubileyimi də geniş əhatədə qeyd etmədim.
- İstərdim ki, komandanın çıxışı haqda danışaq...
- “Kəpəz”in yüksək liqaya qayıdışı bizim üçün elə bayram oldu. Bu, bütün futbolsevərlərin arzusu idi. Dönüşümüz də deyərdim ki, yaxşı alındı. Debüt ili üçün pis nəticə deyil. Çünki bir aya yığılmış komandadı. Şahin Diniyev yaxşı kollektiv formalaşdırıb, əsas odu ki, mehribanlıq var. Uşaqlara da bəzən deyirəm ki, istər oynadığım, istərsə də işlədiyim dövrlərdə belə kollektiv görməmişəm. Futbolçular, məşqçilər və rəhbərlik bir-bir ilə çox mehribandı. Bunun nəticəsidi ki, komanda yaxşı çıxış edir. Bütün fikri də Avropa Liqasına vəsiqə qazanmağa yönəltmişik. Az öncə klubun həkimi zəng edib təbriklərini və arzularını çatdırdı. Ona dedim ki, bütün istəyimiz komandanın qitəmiqyaslı turnirdə oynamasıdı. Əsas arzumuz budu.
- Füzuli müəllim, oynamaq daha asan idi, yoxsa işləmək?
- Futbolçu olmaq daha asandı. Oynayanda adam çox şeyi hiss etmir. Fikirləşirsən ki, meydandayam, komandam uduzanda qol vurub və ya ötürmə edib məğlubiyyətdən xilas edə bilərəm. Amma kənarda məşqçi kimi olanda düşünürsən ki, görən oyunçu bunu edə biləcək? Məşqçinin məsuliyyəti də futbolçudan çox olur. Çünki nəticəyə məşqçi cavabdehdi.
- Heç düşünmüsüz ki, kaş indi futbolçu olardım və komandaya kömək edərdim?
- Hərdən belə xəyala dalıram. Biz oynadığımız vaxtlarda şərait belə deyildi. Bu cür meydanlar yox idi, amma indi daha yaxşıdı. Təşkilati işlərlə bağlı müəyyən çatışmazlıqlar vardı. Hazırda belə şeylər yoxdu. Hər şey qaydasındadı. Oynamağa da qalanda, təbii ki, meydanda olmaq istəyərdim. İndi futbolçu olsaydım, mənim üçün çox maraqlı olardı. Oynayıb “Kəpəz”ə dəstək vermək istərdim.