[b]“Qalatasaray” – “Fənərbaxça”: Dövlət səviyyəsində...[/b]
06.04.2016 - 15:38
[b]“Qalatasaray” – “Fənərbaxça”: Dövlət səviyyəsində...[/b]

Aprelin 13-də keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” derbisi üçün hazırlıq dövlət səviyyəsində görülür. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qarşılaşmada təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndiriləcək.

 

Son vaxtlar Türkiyədə baş vermiş terror hadisələrindən ehtiyatlanan İstanbul şəhər Təhlükəsizlik İdarəsi bununla bağlı iclas keçirib. Toplantıda isə Türkiyədə heç vaxt tətbiq edilməmiş tədbirlərin görülməsi qərara alınıb. Qurum bu qərarlarını həm Türkiyə Futbol Federasiyasına, həm də klublara çatdırıb.

 

Həmin qərarların ən önəmliləri bunlardı:

- Derbinin baş tutacağı gün “Türk Telekom Arena” yaxınlığındakı metro stansiya işləməyəcək.

- Azarkeşlərin stadiona aparılması üçün İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus 25 avtobus fəaliyyətdə olacaq. Onlar Seyrantəpə dayanacağından bütün fanatları stadiona aparacaq.

- Yerli vaxtla saat 14:30-da böyük tərkibli minaaxtaran dəstəsi “Türk Telekom Arena”ya girərək, stadionun hər tərəfini axtaracaq.

- 3 mindən çox təhlükəsizlik işçisi oyun öncəsi və matçın gedişində stadionun içində və ətrafında olacaq. Onlardan 1100-ü xüsusi dəstə, 1250-si çevik polis, 750-si polis və 366-si xüsusi təhlükəsizlik əməkdaşları olacaq.

- Stadionun kənarında bir neçə yerdə axtarışlar aparılacaq, yad əşyaların arenaya buraxılmasına icazə verilməyəcək.

- “Qalatasaray” və “Fənərbaxça” heyəti bazalarından çıxıb stadiona daxil olana qədər xüsusi polis qüvvəsi ilə qorunacaq.

 

Qeyd edək ki, Superliqanın XXVI turu çərçivəsində martın 20-də keçirilməli olan “Qalatasaray” – “Fənərbaxça” görüşü terror hadisəsi ilə bağlı təxirə salınmış və sonradan aprelin 13-nə təyin edilmişdi.