Topaz Premyer Liqasının XIII turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Qəbələ” matçını idarə edəcək Rəhim Həsənov mövsümdə 9-cu oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, FİFA referisi arxada qalan 12 turda 8 görüşün baş hakimi olub.
Bu qarşılaşmalar meydan sahiblərinin cüzi üstünlüyü ilə keçib. Onlar 3 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzublar. Həsənov 24 qol qeydə alıb ki, burada qonaqlar üstündü – 14:10.
2 penalti təyin edən referi meydan sahiblərinin lehinə qərar verib. Bundan başqa, o, 3 dəfə qonaqlara, 1 dəfə öz evində oynayanlara qırmızı vərəqə göstərib. Ümumilikdə isə 42 vərəqədən çoxu səfər komandasının hesabındadı – 17:25.
Maraqlıdı ki, rəqiblərin I dövrədəki oyununda da Həsənov fit çalıb. “Qəbələ”nin 2:0 hesablı ev qələbəsi qazandığı matçda hakim 5 sarı vərəqə göstərib. VII turun oktyabrın 2-də keçirilən matçında Həsənov “Qəbələ”dən Vojislav Stankoviç, Elvin Camalov və Ürfan Abbasovu, “Qarabağ”dan isə Riçard Almeyda ilə Dino Ndlovunu cəzalandırıb.
Ümumilikdə isə FİFA hakimi Qəbələ təmsilçisinin 3, ağdamlıların 2 qarşılaşmasında fit çalıb. “Qırmızı-qaralar” səfərdə “Neftçi”ni 8:0, evdə “Qarabağ”ı 2:0 hesabı ilə yensə də, “Sumqayıt”ın meydanından xal itkisi ilə dönüb – 2:2.
Bu qarşılaşmalarda qəbələliləri 10, rəqiblərini 5 vərəqə ilə cəzalandıran Həsənov Sumqayıtdakı görüşdə qonaqlara sərt üzünü də göstərib. O, Sadiq Quliyevi meydandan qovub və bərabərlik qolu ilə nəticələnən penalti təyin edib.
“Qarabağ” isə bu hakimlə qələbə qazanmayıb. Gəncə səfərindən 1 xalla dönən (1:1) ağdamlılar Qəbələdəki qarşılaşmada 2 cavabsız qol buraxıb. Bu görüşlərdə 10 vərəqə göstərən referi həm əyalət klubu, həm rəqiblərini 5 dəfə cəzalandırıb.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu noyabrın 29-da baş tutacaq.