“Qəbələ” komandası tarixində ilk dəfə Azərbaycan kubokunun yarımfinalına çıxıb
21.03.2008 - 13:02
“Qəbələ” komandası tarixində ilk dəfə Azərbaycan kubokunun yarımfinalına çıxıb

Üçüncü dəfədir kubokun iştirakçısı olan “Qəbələ” ötən mövsüm bu turnirdə məğlub olduğu “Bakı”dan əvəz çıxıb. İlk oyunda olduğu kimi, Qəbələdə keçirilən cavab görüşündə də 1:1 hesablı heç-heçə qeydə alınıb. Matçın ilk hissəsində vurulan qolların müəllifləri “Qəbələ”dən rusiyalı Vitali Balamestnı, “Bakı”dan isə gürcüstanlı Amiran Muciri olub. Qalib əlavə vaxtda da müəyyənləşmədiyi üçün oyun sonrası penalti zərbələri təyin edilib. 11 metrlikləri daha dəqiq yerinə yetirən “Qəbələ” 5:3 hesabı ilə qalib gələrək ilk dəfə yarımfinalda çıxış etmək hüququ qazanıb. Ramiz Məmmədovun çalışdırdığı komandanın rəqibi Azərbaycan kubokunun son qalibi olan “Xəzər-Lənkəran” olacaq. Lənkəranlılar 10 aylıq fasilədən sonra əsas stadionlarına qayıdışını Azərbaycan Premyer Liqasının lideri olan “Olimpik” üzərində qazandığı 2:0 hesablı qələbə ilə qeyd edib. Bu oyunda qollar hər hissədə vurulub. Əvvəlcə Zaur Ramazanov, daha sonra braziliyalı Diyeqo Qusmao fərqlənib. “Şəfa” stadionunda keçirilən ilk oyunda 1:0 hesabı ilə qələbə qazanan “Olimpik” yenə yarımfinal iştirakçıları arasında olmayıb. Gözlənildiyi kimi, digər yarımfinal cütünü “Neftçi” – “İnter” təşkil edib. “Neftçi” ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun rəhbərliyi altında ardıcıl 6-cı qələbəsini qazanıb. Paytaxt təmsilçisi öz meydanında böyük hesabla məğlub etdiyi (4:1) “Standard”ı səfərdə minimal hesabla yenib – 1:0. “Şəfa” stadionunda keçirilən görüşdə vurulan yeganə qolunun müəllifi ikinci hissədə fərqlənən Joze Karlos olub. “Neftçi”nin yeni transferi, 20 yaşlı braziliyalı hücumçu Azərbaycanda ilk qolunu vurub. “İnter” bir gün öncə “Şəfa” stadionunda “Qarabağ”ı uruqvaylı hücumçusu Roman Quelanın 82-ci dəqiqədə vurduğu yeganə qolla yenib. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, ilk yarımfinal oyunları aprelin 9-10-da, cavab görüşləri iki həftə sonra keçiriləcək. Püşkə əsasən, ilk matçlarda “Qəbələ” və “Neftçi” meydan sahibi olacaq.

 

0