“Rad”ın baş məşqçisi: İki futbolçunuzdan xoşum gəldi
22.07.2014 - 23:00
“Rad”ın baş məşqçisi: İki futbolçunuzdan xoşum gəldi

“İlk yarıda istədiyimiz oyunu sərgiləyə bilmədik. Komandamın çıxışından razı qalmadım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rad” klubunun baş məşqçisi Milan Milanoviç deyib.

 

Belqrad təmsilçisi Sloveniyada “Xəzər Lənkəran”la yoxlama matçında üz-üzə gəldi. İki dəfə məğlub duruma düşməsinə baxmayaraq, serbiyalılar oyunu bərabərliklə başa vurmağı bacardılar – 2:2.

 

Qarşılaşmadan sonra əməkdaşımızla söhbətində Milanoviç əsasən ikinci hissədə meydana çıxan futbolçulardan razı qalıb: “Fasilədən sonra daha yaxşı oynadıq. Sürətli hücumlar təşkil etdik. Bir neçə dəfə qol vurmaq şansımız oldu.  Elə bərabərlik topunu da ikinci hissədə vurduq. Gənc futbolçularımızın çıxışı gələcəyə nikbin baxmağa əsas verir”.

 

İlk yarıda “Xəzər Lənkəran”ın, ikinci 45 dəqiqədə isə öz komandasının daha yaxşı oynadığını deyən 51 yaşlı mütəxəssis bildirib ki, sərəncamında olan futbolçuların əksəriyyəti akademiyalarından cəlb edilənlərdi: “Heyətimizdə baxışda olan futbolçu yox idi. Komandada yer alanlar əsasən akademiyadan cəlb olunanlardı. İmkanlı komanda olmasaq da, akademiyamızdan bir çox futbolçular xarici çempionatlarda çıxış edirlər. Hollandiya, Fransa, İtaliya, Rusiya və Türkiyə kimi ölkələrdə bizim yetirmələrimiz var. “Xəzər Lənkəran” daha çox texnikalı oyuna üstünlük verdi. Heyətində səviyyəli legionerlər, sürətli futbolçular var. Əsasən 2 futbolçunuzdan - mərkəz müdafiəçisi (Tyeqo Xesus-red.) və ilk yarıda mərkəzdə yer alan hücumçudan (Franko Nildo-red.) xoşum gəldi. Əlbəttə, onların hər ikisini komandamda görmək istərdim. Amma yəqin ki, hər ikisi yüksək ödənişli futbolçulardı. Bizim isə büdcəmiz belə legioner almağa kifayət etmir”.

 

Azərbaycan futbolu haqda geniş məlumatı olmadığını vurğulayan Milanoviç ölkəmizdə çalışan yalnız məşhuru xatırlayıb: “Azərbaycan haqda dəqiq bildiyim odur ki, çoxlu neftiniz var. Həmçinin, ötənlərin məşhur şahmatçısı Harri Kasparov Bakıda anadan olub. Futbola gəlincə, məşhur Toni Adamsın ölkənizdə işləməsindən xəbərdaram, amma hazırda harada olmasını bilmirəm. Səhv etmirəmsə, Con Toşak da Azərbaycanda, elə bu günkü rəqibimiz olan “Xəzər Lənkəran”da çalışıb”. 

0