[b]“Təkqapıya oynadıq, amma qol vura bilmədik”[/b] - MÜSAHİBƏ
03.10.2014 - 14:36
[b]“Təkqapıya oynadıq, amma qol vura bilmədik”[/b] - MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”ə 0:2 hesabı ilə uduzan “Qarabağ” klubunun futbolçusu İlqar Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...

- Bizi çətin rəqib gözlədiyini bilirdik. Çünki rəqib adlı-sanlı “İnter” idi. Bu komandanın gücü, tarixi haqda danışmağa dəyməz. Avropada özünü sübut eləmiş komandadı. Buna baxmayaraq, meydanda biz daha üstün idik. Adi səhvlərdən qollar buraxdıq. Qol vurmaq üçün imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Xal qazanacağımıza inanırdıq, amma alınmadı.

 

- Əvəzlənməyiniz nə ilə bağlı idi?

- Bəlkə də əvəzlənməyimin zədə ilə bağlı olduğunu düşünürlər. Zədələnməmişdim, sadəcə, ayağımda “sudurğa” əmələ gəldi.  

 

- Oyunu davam etdirməyə hazır idiniz?

- Bilmək olmazdı. Həm də müəyyən qədər yorğunluq var idi. Bəlkə də davam etsəydim, ciddi zədə alacaqdım.

 

- Qrupun digər matçında “Dnepr” və “Sent-Etyen” heç-heçə oynadı. “İnter” 6 xalla vahid lider olsa da, digər 3 komandanı bir-birindən 1 xal ayırır. “Qarabağ”ın qrupdan çıxmaq şansı realdırmı?

- Şansımızdan sona qədər istifadə edəcəyik. İlk görüşdə də yaxşı oynadıq, sadəcə, qol vura bilmədik. Avropa Liqasının qrup mərhələsinə iştirak xatirinə vəsiqə qazanmamışıq. Sona qədər mübarizə aparacağıq. Hamı necə oynadığımızı gördü. Sadəcə,  şanssızlıq oldu.

 

- “Sent-Etyen”lə oyunda da imkanlardan istifadə edə bilmədiniz. Bu nə ilə bağlıdı?

- Düzgün qeyd etdiniz, “Sent-Etyen”lə matçda da üstünlük bizdə idi. Təkqapıya futbol oynadıq, amma qol vura bilmədik. Bu dəfə də meydanda üstünlük tərəfimizdə idi. Amma qapıya yol tapa bilmədik. Şanssız bir qol buraxdıq.

 

- Həmin qol oyunu dəyişdi?

- Elə deməzdim. Ruhdan düşmədik. İrəli atıldıq, şanslarımız da yarandı. “İnter” sıradan bir komanda deyil. Onlar istədikləri epizodu dəyərləndirə biləcək gücə sahibdirlər.  

 

0